Mədəniyyət şöbələrinin susduğu yerdə yaddaş da susur
Bir vaxtlar redaksiyalarda mədəniyyət şöbəsi vardı. O şöbədə çalışan insanlar xəbərin təkcə bu gün üçün deyil, sabah üçün də lazım olduğunu bilirdilər. Onlar kitab təqdimatlarına gedir, tamaşalara baxır, sərgiləri izləyir, rəssamlarla, yazıçılarla, aktyorlarla söhbət edir, yeni nəşrlər haqqında yazılar hazırlayırdılar. Onların məqsədi sensasiya yaratmaq yox, fikir mübadiləsi formalaşdırmaq idi. Mədəniyyət yazarları bir növ dövrün mədəni salnaməçiləri sayılırdı. Onlar zamanın ruhunu, cəmiyyətin estetik düşüncəsini və mənəvi axtarışlarını sözlə yaddaşa köçürürdülər.
Sonra zaman dəyişdi. Media sürətləndi, internet həyatımızın ayrılmaz hissəsinə çevrildi. Kliklər, baxış sayları, reytinqlər redaksiya fəaliyyətinin əsas ölçü vahidinə çevrildi. Xəbərin ömrü getdikcə qısaldı. Bir neçə saat əvvəl yayımlanan informasiya artıq köhnə hesab olunmağa başladı. Belə bir mühitdə mədəniyyət şöbələri redaktorların gözündə gəlirsiz və diqqət çəkməyən sahə kimi görünməyə başladı.
Əvvəlcə mədəniyyət səhifələri kiçildi. Sonra həmin şöbələrdə çalışan jurnalistlərin sayı azaldıldı. Bir çox peşəkar mədəniyyət yazarları başqa sahələrə üz tutdu, bəziləri isə yazmaqdan tamamilə uzaqlaşdı. Bu gün informasiya məkanı minlərlə xəbərlə doludur. Qəzalar, qalmaqallar, sosial şəbəkə mübahisələri, siyasi bəyanatlar və gündəlik sensasiyalar fasiləsiz şəkildə yayılır. İnsan bir gün ərzində yüzlərlə başlıq oxuyur, lakin həftənin sonunda onların böyük hissəsini xatırlamır.
Mədəniyyət jurnalistikası isə fərqli missiyaya malik idi. O, hadisələri sadəcə qeyd etmirdi, onların mənasını izah edirdi. Mədəniyyət müxbiri yalnız tədbir haqqında məlumat vermir, həmin hadisənin cəmiyyət üçün əhəmiyyətini şərh edir, onu daha geniş kontekstdə təqdim edirdi. Məhz buna görə də mədəniyyət yazıları uzunömürlü olurdu.
Bu sahə zəiflədikcə qəribə bir boşluq yarandı. Tamaşalar, kitablar, sərgilər və filmlər barədə peşəkar resenziyaların yerini qısa elanlar, tədbir xəbərləri və ya PR xarakterli mətnlər tutdu. Mədəniyyət hadisələri haqqında danışılır, amma onlar təhlil edilmir. Oxucuya məlumat verilir, lakin düşünmək üçün material təqdim olunmur.
Halbuki gələcəkdə bir dövrün mədəni həyatını araşdırmaq istəyən tədqiqatçı üçün peşəkar mədəniyyət yazıları əvəzsiz mənbədir. Tədbirlər keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir, tamaşalar səhnələşdirilir. Ancaq onların əksəriyyəti ciddi və uzunömürlü ictimai müzakirəyə çevrilə bilmir. Çünki müzakirə yaratmaq üçün əvvəlcə həmin hadisəni görən, dəyərləndirən və cəmiyyətə təqdim edən peşəkar insanlar lazımdır.
Mədəniyyət şöbələrinin yoxa çıxması təkcə jurnalistikanın problemi deyil. Bu, həm də cəmiyyətin öz yaddaşına münasibətinin göstəricisidir. Çünki mədəniyyət şöbəsi sadəcə tədbir anonsu vermirdi. O, dövrün yaddaşını yaradırdı. Bu gün haqqında yazılmayan, müzakirə olunmayan mədəni hadisələr sabah tarix üçün görünməz olur.
İndi etiraz edənlər tapılar ki, mədəniyyət xadimləri mediada kifayət qədər görünürlər. Doğrudur, görünürlər. Aktyorlar, müğənnilər, yazıçılar və rəssamlar tez-tez müsahibələr verirlər. Amma qəribədir ki, bu müsahibələrin əksəriyyətində mədəniyyətin özü görünmür.
Söhbət yeni tamaşadan yox, şəxsi həyatdan gedir. Yazıçının kitabından yox, gündəlik vərdişlərindən danışılır. Rəssamın yaradıcılıq axtarışları yox, sosial şəbəkədə paylaşdığı statuslar müzakirə edilir. Bir zamanlar jurnalist aktyordan sənəti haqqında soruşurdu, indi isə onun kimlə küsülü olması daha maraqlı hesab olunur. Bir vaxtlar yazıçının əsərləri müzakirə olunurdu, indi isə sosial şəbəkədəki paylaşımları xəbər mövzusuna çevrilir.
Beləliklə, mədəniyyət jurnalistikası yavaş-yavaş şou-biznes jurnalistikasına transformasiya olunur. Bu isə cəmiyyətin mədəni düşüncə mühitini zəiflədir. Çünki mədəniyyət haqqında danışmaqla mədəniyyət xadimləri haqqında danışmaq eyni şey deyil. Birincisi yaradıcılığın və ideyaların müzakirəsidir, ikincisi isə çox vaxt şəxslərin özəl həyatına yönəlmiş maraqdan ibarətdir.
Ən düşündürücü məqam isə budur ki, illərlə mədəniyyət sahəsində çalışan, bu mühitin problemlərini, inkişaf yollarını və dəyərlərini bilən insanlar kənarda qalır. Onların yerini isə bəzən mədəniyyətlə deyil, şou məkanı ilə tanınan simalar tutur. Nəticədə peşəkar mədəniyyət tənqidi, analitik yazılar və resenziya ənənəsi getdikcə zəifləyir.
Cəmiyyət yalnız iqtisadi göstəricilərlə, siyasi hadisələrlə və gündəlik xəbərlərlə yaşamır. Onun ruhu da var. O ruhun adı isə mədəniyyətdir. Mədəniyyət şöbələri məhz həmin ruhun səsini yazıya çevirən məkanlar idi. Bu səs zəiflədikcə, cəmiyyət öz yaddaşının bir hissəsini itirir.
Bəlkə də bu gün mədəniyyət jurnalistikasına əvvəlkindən daha çox ehtiyac var. Çünki informasiya bolluğu dövründə məlumat tapmaq çətin deyil. Çətin olan həmin məlumatların içərisindən mənanı tapmaqdır. Mədəniyyət jurnalistikasının əsas missiyası da məhz budur — dövrün hadisələrini gələcək üçün yaddaşa çevirmək.
Müəllif: Günel Musa
Mənbə: Odlar.media
