Odlar.media xəbər verir ki, Azərbaycan Mətbuat Şurası Bakı şəhəri Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbdə jurnalistlərin hücuma məruz qalması ilə bağlı açıqlama yayıb.
Şura “Real TV” əməkdaşlarının peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşməsini yolverilməz hesab edib, jurnalistlərin fəaliyyətinə maneələrin yaradılmasını və onlara qarşı zorakılığı pisləyib.
Açıqlamada bildirilib ki, məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə ictimai narahatlıq doğurub və medianın bu barədə məlumat toplaması jurnalist missiyasının bir hissəsidir.
Mətbuat Şurası eyni zamanda azyaşlılar və yeniyetmələrlə bağlı hadisələrin işıqlandırılmasında peşə etikası və həssaslıq prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb.
Şura insidentin obyektiv və hərtərəfli araşdırılacağına, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcəyinə ümid etdiyini bildirib.
Odlar.media