2020-ci ilin sentyabrın 27-si… İllərlə davam edən işğala, düşmənin bitmək bilməyən hərbi təxribatlarına və beynəlxalq hüququn kağız üzərində qalan tələblərinə cavab olaraq Azərbaycan xalqı ayağa qalxdı. Müqəddəs torpaqlarımızın azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi yalnız hərbi əməliyyat deyil, milli qürurun və tarixi ədalətin bərpası yürüşü idi.
Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız, “Dəmir Yumruq” əməliyyatı ilə otuz illik həsrətə son qoymaq üçün vahid gücə çevrildi. Bu şanlı yürüş Azərbaycanın siyasi iradəsinin, sarsılmaz dövlətçilik ənənələrinin və yenilməz hərbi strategiyasının parlaq təzahürü oldu.
İllər boyu formalaşan, ən müasir texnologiyalarla silahlanan Azərbaycan Silahlı Qüvvələri XXI əsrin müharibə modelini nümayiş etdirərək dünya hərb tarixinə yeni səhifələr yazdı.
Siyasi müstəqilliyin bünövrəsi olan iqtisadi suverenlik Azərbaycanın heç bir kənar təzyiqdən asılı olmadan öz tarixi missiyasını yerinə yetirməsinə şərait yaratdı.
Ali Baş Komandan İlham Əliyevin dünya mediasına verdiyi müsahibələr, beynəlxalq kürsülərdən səsləndirdiyi kəsərli bəyanatlar düşmənin yalan üzərində qurulmuş təbliğat maşınını darmadağın etdi.
Zəngin dövlətçilik və şanlı hərb tarixinə malik Azərbaycan xalqı bu zəfərlə özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Şuşa zirvəsində ucaldılan üçrəngli bayrağımız yalnız bir şəhərin azadlığı deyil, bütün Şərqin, Qafqazın geopolitik mənzərəsini dəyişən tarixi dönüş nöqtəsi oldu.
Bu büyük tarixi qələbənin, şəhidlərimizin müqəddəs ruhunun və qazilərimizin rəşadətinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında tarixi Sərəncam imzaladı.
Bugün Zəfər Günü yalnız qalibiyyət bayramı deyil; o, Azərbaycan dövlətinin bütövlüyünün, suverenliyinin və gələcək nəsillərə mirasa qoyduğu milli qürurun təntənəsidir. Azərbaycan xalqı öz Liderinin ətrafında, öz torpağında və öz azad səmasında əbədi olaraq qalib kimi yaşayacaqdır!
Müəllif: GÜLNARƏ ƏMİRQULİYEVA
“Carçı” jurnalının təsisçisi və baş redaktoru
Odlar.media