Odlar.media xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı Orxan Məmmədov vəzifəyə təyin olunduqdan bir neçə gün sonra kəndlərdə sakinlərlə görüşlərə başlayıb.
Oktyabrın 28-də Avaş kəndində keçirilən səyyar qəbulda Avaş, Abasallı, Deman, Qaravuldaş və Arvana kəndlərindən təxminən 210 nəfər iştirak edib. Sakinlərin müraciətləri dinlənilib, bir sıra məsələlər yerində həll olunub, digər problemlərlə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Orxan Məmmədov bütün müraciətlərin diqqətlə araşdırılacağını və problemlərin operativ həllinin vacibliyini vurğulayıb. Sakinlər əsasən kənd yollarının təmiri, infrastruktur, kommunal xidmətlər və kənd təsərrüfatı ilə bağlı problemlərin həllini gözlədiklərini bildiriblər.
Qəbuldan sonra icra başçısı şəhid Mahmud Mayıllının valideynlərini ziyarət edib.
Qeyd edək ki, Orxan Məmmədov oktyabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Odlar.media