“Aidiyyəti qurumlar peşəkar olsa, SEPAH Azərbaycan sərhədləri üzərindən nə quş uçurda bilər, nə də öz narkotik yüklü dronlarını”
“İran hələ şah dövründən üzübəri beynəlxalq narkotik biznesinə cəlb edilib”
Azərbaycanın “qara bazar”ına gələn narkotikin 90 faizə yaxını İran ərazisindən daxil olur. Bu daşınma həm sərhəddən keçən yük nəqliyyat vasitələri, həm dəniz yolu, həm də dronlar və digər uçan aparatlar vasitəsilə həyata keçirilir.
Ərazilərimizin 30 illik işğalı dönəmində də İran müsəlman Azərbaycanın yox, Ermənistanın tərəfində mövqe sərgiləyib. Amma prezident postuna Məsud Pezeşkianın gəlişi ilə münasibətlərdə yuşmalma sezilməkdədir. Hətta ötən həftələrdə Pezeşkian ABŞ-la hərbi qarşıdurmalar kontekstində Azərbaycanın tutduğu mövqeyə görə Prezident İlham Əliyevə təşəkkür də ünvanladı. Əliyev isə Zəngəzur dəhlizinin açılışından sonra İranla Azərbaycan arasında dəmir yolunun işə düşəcəyini anons etdi.
Bəs münasibətlərdə yumşalmalar hər iki ölkəyə nə vəd edir? Münasibətlərdə gözlənilən isinmə İrandan narkotik axınının qarşısını almağa da təsir edəcəkmi? Bu və başqa məsələlər barədə tanınmış jurnalist, siyasi təhlilçi Həmid Herisçinin fikirlərini öyrəndik.
– İran İslam Respublikası Azərbaycan müstəqillik əldə etdikdən sonra hər zaman Ermənistanın yanında yer alıb. Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra bunu daha açıq şəkildə ortaya qoydu. Heç də təsadüfi deyil ki, 2020-ci ildən sonra molla rejimi ölkəmizə qarşı “narkotik savaşı” açıb. Hansı ki, Azərbaycana narkotikin 90 faizdən çoxu məhz İrandan daxil olur? Sizcə, bu, İranın dövlət siyasətidir, yoxsa müxtəlif qrupların maraqlarından irəli gəlir?
– Dünya narkotik trafiki çoxdan, hələ ötən əsrin 1975-ci ilindən üzü bəri leqallaşıb. Jon Kollemanın “The Committee of 300” əsərini vərəqləyin. Bu məxfi mexanizmin detallı izahı orda mövcuddur. Məşhur TIR (Transit international routier) brendi elə bax bu məxfi qaçaqçılıq mexanizminə qulluq edir. Burda çox ciddi, çox mürəkkəb, tam məxfi kodlaşdırma sistemi, kriptoşifrələrdən istifadə olunur. Hər yüz TIR avtomobilindən birində mütləq çox gizli bir yük var. Böyük həcmli narkotik tranziti bax bu mexanizmə tabedir. Proses tam anonimdir. Yəni ssenari iştirakçıları prosesə tam kor-koranə cəlb olunublar.
Azərbaycan gömrükçülərində bu TIR-lara qarşı heç bir nəzarət hüqüqu mexanizmi yoxdur. Özü də bu, tək bizdə yox, bütün dünyaya aiddir. Düzdür, bizdə bax bu beynəlxalq yük daşımaçılıq xidmətinin yerli nümayəndəliyi var. Saytlara axtarış versəniz, barələrində bu məlumatı alacaqsınız: ABADA (Azerbaijan International Road Carriers Association) is located at Ahmad Rajabli Street 169, Narimanov District, Baku, Azerbaijan. Ünvan: Əhməd Rəcəbli küç. 169, Bakı, Azərbaycan (Ahmad Rajabli St. 169) Phone: +994 12 596 23 66. Working Hours: Monday – Friday, 09:00 – 18:00.
Ancaq bu xidmət də, beynəlxalq TIR avtomibilllərində məhz nəyin nağd nəql edildiyin qətiyyən bilməz. Bu cür anadangəlmə kor pişiklərin bir nümunəsi də İranda var. Rəsmi ünvanları belədir: Karaj Special Road (Makhsoos Road), opposite Ghods Air Industries, Tehran, 1398834711, Iran.
İran uzun müddət, hələ şah dövründən üzübəri bu gizli qara beynəlxalq narkotik biznesinə cəlb edilib. İslam inqilabından bəri bu xətt qısa fasilədən sonra yenidən canlandı. İran-Qərb, İran-ABŞ arasındakı bu gizli trafikin start nöqtəsi 1985-ci ildi. Məhz bu tarixdən başlayaraq “İran-kontras” məxfi əməliyyatı çərçivəsində ABŞ konservatorları ilə İran konservatorları əvvəlcə məxfi silah, sonra digər hər cür, o cümlədən narkotik trafikinə başladılar. ABŞ Demokrat Partiyası həmişə bu cür məxfi əlaqələrin əleyhdarı olub. Həmişə Respublikaçılar Partiyasının İranla hər cür məxfi qara biznesini ifşa edib. Cimmi Karter İran şahının İsraillə gizli neft alverini tədqiq edərkən çox gizlinləri anlamışdı. Narkotik, qaçaq neft bazarı beləliklə İranla Qərb dünyası arasında, xüsusən ABŞ respublikaçıları ilə Tehran konservatorları arasında həmişə mövcud olub və həmişə də mövcud olacaq.
“Azərbaycan bu məxfi əlaqələr sistemində vacib tranzit nöqtə kimi varmı?” sualının cavabı çox qəlizdir. Ancaq çox realdır. Xüsusən də indi, TRİPP nəqliyyat dəhlizi mövzusu gündəmə gələndə. Hörmüz boğazı böhranı, dünya nəqliyyat yollarını iflic vəziyyətinə salanda.
– BMT-nin Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) məlumatlarında İran ərazisinə daxil olan və buradan müxtəlif istiqamətlərlə Avropaya ixrac edilən narkotik marşrutları göstərilib. Burada İran İslam Respublikasının şimal sərhədlərində qeyri-qanuni narkotik daşınmasının məhz Ermənistan və vaxtılə işğal altında olan Qarabağ əraziləri üzərindən aparıldığı bir daha təsdiqlənib. İrandakı anti-Azərbaycan dairələri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanı təmin edəcək Zəngəzur Dəhlizinin işə salınmasını ölkələrinin milli təhlükəsizliyinə təhdid olaraq görürlər. Hətta onlar Zəngəzur Dəhlizinin regiondakı sərhədləri dəyişdirə biləcəyini və rəsmi Tehranın buna dözməyəcəyini bildirirlər. İran “milli təhlükəsizlik” deyərkən nəyi nəzərdə tutur?
– Əvvəla İranla Tramp, ABŞ respublikaçıları arasındakı gərginliyin baş hədəfi bəllidir – dünya nəqliyyat dəhlizlərinə nəzarəti təmin etmək! 2025-cı ildən, Tramp hakimiyyətə gələndən bəri ABŞ respublikaçıları dünya geopolitikasındakı açar, kilid nöqtələri – Panama kanalı, Hibraltarı, Bab əl Mandab, o cümlədən Hörmüz boğazını nəzarətə götürmək istəyirlər. Yəni dava yalnız Hörmüz ssenarisini əhatələmir. Hörmüz ssenarisi sonradan Panama, Hibraltar, o cümlədən bizim maraq dairəmizdəki TRİPP marşrutunu da öz dar çərçivəsinə ala bilər deyə, bizim üçün təhlükə mənbəyidir. Bu səbəbdən, həmin ssenarini bizim politoloqlar daim nəzarətdə saxlamalıdırlar. Gizli, qara biznes də bu nəqliyyat dəhlizlərini öyrənir. Bu qaynar nöqtələrdə öz maraqlarını güdür. İnandırıram, İran və Qərb, o cümlədən ABŞ Yaxın Şərqdəki son gərginliyi öz biznes maraqları üçün istifadə edirlər. İran tərəfi bu oyunda əvvəlllər ancaq konservativ qüvvələrlə təmsil edilirdisə, Pezeşkiandan sonra vəziyyət dəyişib. Təbriz Ticarət və Sənaye Palatası simasında liberal biznes düşərgəsi də oyuna qoşulub. Misal üçün, İran şahinləri qərara gəlirlər ki, Körfəzdəki ərəblərə növbəti raket zərbəsi vuracaqlar. Hədəfdə su arıtma sistemləri, müəssisələridir. Məlumat əvvəlcə gizli ötürülür. Təbriz tacirləri, prosesə qoşularaq, dünya borsalarında su şirkətlərinin səhmlərini alırlar. Sabah Körfəzdəki suarıtma müəssisələri partladılanda bu səhmlər Uolt Strit, Sinqapur, İstanbul borsasında sürətlə qalxır. Nəticədə öz yeni sahiblərinə, Təbriz burjuaziyasına, Pezeşkiana yaxşı maddi gəlir təmin edir. Bundan öncədən xəbərdar olan Tramp da oxşar biznes gedişləri edərək, həmin su səhmlərini alır və nəticə aydındır –dahda da varlanır.
Oxşar biznes əməliyyatları internet provayderlərini də əhatələyir. İran Körfəzdəki bütün sualtı internet xətlərini kəsir, dograyır. Anında İlon Maskın “Starlink” telsiz internet modeli udur. Səhmləri dünya borsalarında artış nümayiş etdirir.
Mən iyul ayında Təbrizdəykən, qəfil xəbər gəldi ki, bəs İlon Mask Bagdaddadır. Səfər Körfəzdəki kabel internet xəttlərinin kəsilməsi vaxtı baş tutmuşdu. Yəni təsadüfi deyildi. Tam konspiroloji idi. Düzü, İraqa gələn İlon Mask əslində bölgədəki digər nəhəngə – İrana mesaj ötürürdü ki, bəs burdayam, biznesimizi edək, kabel internet istifadəçilərini müflis qoyaq, “Starlink” telsiz internet modelini reklam edək. Yəni üzdəki siyasi gərginlik, ritorika sizi və rəsmi Bakını aldatmasın. Altda, yəni Təbrizdə ABŞ-İran konspiroloji əməkdaşlığı mövcuddur. O Trampa qarşı İlon Mask alternativini indidən formalaşdırır. Yəni futuristik ssenariləri də yazmağı, cızmağı unutmur əsla. Bizim kimi, gündəmin, bu günün qurbanı olmaq istəmir. Belə deyək, dərzidə özünə təzə kostyum sifariş verir.
– Sizcə, bu “dözümsüzlüyün” arxasında İranın Ermənistanla Avropaya çıxarmaq istədiyi qeyri-leqal mallarını, o cümlədən narkoticarəti maneəsiz şəkildə idarəetmək məqsədi də varmı? Yəni bu səbəblər iqtisadidir, ya siyasi nüanslar da var?
– İran siyasətçiləri bütün məlum ssenariləri tək halda yox, cüt halda hazırlayırlar. Eyni ssenari Azərbaycana və Ermənistana təklif edilir. Ancaq tam fərqli variantlarda. Misal üçün İrəvanın Zvartnos hava alanında pasport nəzarəti Pezeşkianın inaqurasiya məclisinədək Rusiya FSB-sinin kurasiyasındaydı. 30 iyul 2025-ci ildə Pezeşkianın inaqurasiyası günü Paşinyan FSB-ni Zvartnosdan qovdu. Bu xəbərlə Tehrana, Pezeşkianın təqdimetmə mərasiminə gəldi. Mesaj ötürdü ki, şərtlər indi dəyişir. İran agenturası İrəvan tranzitini indi Moskva ilə yox, məhz Paşinyanla razılaşdırmalıdır. Təklif əvvəlki ssenarini pozur, Zəngəzurdakı, Zvartnosdakı daşnak nüfuzunu sıfırlayırdı. Koçaryanın, Sarkisyanın İrandakı həmkarlarını çətin vəziyyətə salırdı. Demək istəyirəm ki, İran-Ermənistan-Azərbaycan coğrafiyası bu gün tam yeni redəktələrdən keçir. Təkliflər tək nüsxədə deyil, qoşadır. Biz imtina edəndə, İrəvan oyuna girir. Yaxud tərsinə.
– İranın Azərbaycana qarşı radikal münasibətində SEPAH-ın təsir imkanları mövcuddur? Ümumiyyətlə, SEPAH-ın dövlətdə və idarəetmədə roluna dair mövcud iddialar bizimlə diplomatik münasibətlərə necə təsir edir?
– SEPAH-sız İran-Azərbaycan münasibətləri maraqlıdır. Ancaq real-politik məzmundan məhrumdur. “SEPAH-sız İran-Azərbaycan” təklifini Tehran dinləyə bilər. Ancaq icra etməz. Siyasətdə gərək realist olasan. SEPAH-la dialoq yolları axtarmaq lazımdır. Bu yaxınlarda SEPAH generalı Yəhya Səfəvi demişdi ki, bəs İran SEPAH-ı Azərbaycana raket zərbəsi vurmaq qərarı versə, yerli azəri icması, SEPAH-dakı azərbaycanlıları nəzərə almalıdır. Bu şifrəli məlumatdır. Deşifrəsi belədir: “Mən qarışıq, biz türk SEPAH-çıları, azərilər, Təbriz bu zərbələrə qarşıdır. Demək, Bakı da məhz bu güc mərkəzlərinə qarşı diqqətli olmalı, bizimlə məsləhətləşməlidir”. İndi bu cür şifrələri oxumaq siyasətçilərimizdən xüsusi səriştə tələb edir. Unutmayaq, İran bu gün bir saylı dünya siyasi meydançasıdır. Bu meydançada maraqlarımız, iştirakımız vacibdir.
– İran hakimiyyətində güc balansı prezident Məsud Pezeşkianın xeyrinə artdığı təqdirdə, bu, Azərbaycan-İran münasibətlərinə müsbət gəlişmələr baxımından necə təsir göstərə bilər? Burada xatırlatmaq yerinə düşər ki, ötən həftə prezident Pezeşkian prezident İlham Əliyevə göstərdiyi dəstəyə görə təşəkkür etmişdi…
– Pezrşkian tək deyil. Arxasında Təbriz tacir və sənayeçiləri durur.
– İranla Ermənistanı narkoticarətdən gələn pulların yuyulması sahəsində hansı bağlantılar əlaqələndirir? Bu məsələ əvvəllər mövcud idi, sizcə, indi də davam edirmi?
– İran, qonşu Azərbaycanla münasibətlərini həmişə İrəvan ssenariləri ilə sığortalayacaq. Bax, indi İran beynəlxalq pul köçürmə mexanizmindən – SFİT-dən kənardadır. Ancaq Tehran mollaları mənfiləri müsbətə, ən çox da nağd pula keçirməkdə mahirdirlər. Yaranmış boşluğu, Vatikan bankı (Istituto per le Opere di Religione, qısaca İOR) vasitəsi ilə doldururlar. İkinci yerdə Erməni Apostol kilsəsi, yəni Eçmiadzindir. Rus Pravoslav kilsəsi də oxşar maliyyə transferləri təklif edir. Gördüyümüz kimi, Beynəlxalq Maliyyə sanksiyaları, SFİT-dən qopma nəticəsində İran rəsmi maliyyə sistemləri sıfırlanıb. Beynəlxalq klerikal münasibətlərin ixtiyarına düşüb. Nəticədə İran klerikalları ölkənin bütün maliyyə sistemini tam nəzarətə götürüblər. Bu sahədə “İmam Rza” fondu, yəni Xeyriyyə cəmiyyəti Vatikanın bir saylı müştərisidir. Azərbaycan bu vacib trafikdə yoxdur. Ermənilər var. Təbriz maliyyəçiləri vasitəsi ilə həmin “İmam Rza” fonduna çıxmasaq, itkilərimiz çox olacaq. Ermənilərin iran maliyyə bazarında bizi üstələməyinə yol vermək olmaz. Təbrizin bu şansları hələ ki var. Zaman adətən belə hallarda çox gözləmir.
– Qlobal mediada beynəlxalq narkoticarətdə İran tərəfdən SEPAH-ın rolu olduğu, SEPAH-ın İrandan narkotrainziti himayə və idarə etdiyi barədə məlumatlar var. Necə düşünürsünüz, Pezeşkianın gücünün artması fonunda SEPAH-ın qismən zəifləməsi baş verə və bu Azərbaycana narkotik axınını azalda bilərmi?
– Azərbaycanda narkotiklərlə mübarizə qurumları var, səlahiyyətlərini icra etsinlər. Nakoticarət qlobal bəladır. Bu təhlükə hər zaman aktualdır. Nöqsanları siyasi qüvvlərin, SEPAH-ın ayağına yazmaq lazım deyil. Peşəkar olsalar, SEPAH Azərbaycan sərhədləri üzərindən nə quş uçurda bilər, nə də öz narkotik yüklü dronlarını.
– Necə olur ki, İranda narkotiklə bağl ölüm hökmü olduğu təqdirdə, Azərbaycanla sərhədin çətin nəzarət olunan yerlərindən narkotik ötürülməsinin qarşısı allnmır, yaxud buna göz yumulur?
– Ritorik sualdır. SEPAH öz narkotiklərini leqal keçirir. TIR sistemindən istifadə edərək. Biznes ortaqları beynəlxalq aləmdədir. SEPAH lokal işləmir. Ancaq qlobal ssenarilərə qoşulur.
– Azərbaycan kifayət qədər inkişaf etmiş dövlətdir və öz sərhədlərini qorumaq üçün həm texniki, həm hərbi qüvvə baxımından yetərli imkanlara malikdir. Sizcə, necə mümkün olur ki, İranla sərhədimizdən narkotik asanlıqla axın edir?
– Biz bu sahədə tranzit ölkəyik. İrandan gedən narkotrafikin hədəfi Bakı narkomanları deyil. Miqyas daha genişdir. Bu trafikdə ən müasir smart texnologiyalar sınaqdadır. Qaçaqmalçılığın ən müasir at gedişləri bu sərhəddə təcrübədən çıxarılır, sonra digər coğrafiyalarda tətbiq edilir. Meksika-ABŞ sərhəddində hansı narkossenarilər, innovatsiyalar varsa, təkrarı Azərbaycan-İran sərhəd zolağındadır. Peşəkar kömrükçülərimiz üzləşdikləri problemlərin bir oxşarını mütləq başqa coğrafiyada aşkarlamalı, tədqiq etməli, sonra təcrübəni bizim sərhədlərə transfer etməlidirlər. Sizin də, sərhədçilərimizin də xidməti vəzifəsi, məncə, budur.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az
