Bu gün bir insanın doğum günüdür…
Amma elə bir insanın ki, onun doğum günü təkcə bir ailənin deyil, milyonlarla insanın qəlbində işıq yandıran bir günə çevrilib. Bu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevadır …
Bu ad çəkiləndə insanın düşüncəsinə ilk gələn sözlərdən biri mərhəmətdir. Çünki mərhəmət bəzən sadəcə bir söz deyil, bir insanın ömrünə çevrilir. Bəzən bir əl olur, köməksizə uzanır. Bəzən bir ümid olur, xəstənin gözündə işıqlanır. Bəzən bir ana nəfəsi kimi yaralı qəlbə toxunur.
Şəhid analarının, Vətən uğrunda canlarını fəda edən qazilərin, xəstə uşaqların ümidində, kimsəsiz qocaların duasında, çarəsiz insanların göz yaşında Mehriban xanımın mərhəmətindən bir iz var.
Elə insanlar var ki, böyük vəzifə daşıyırlar. Elə insanlar da var ki, daşıdıqları vəzifədən daha böyük bir ürək daşıyırlar.
Mehriban xanımın böyüklüyü yalnız tutduğu yüksək dövlət vəzifələri ilə ölçülmür. Onun böyüklüyü insanın dərdinə öz dərdi kimi yanaşmağındadır. Əlini uzadana əl verməsində, kömək istəyənə ümid olmasındadır. Milyonların sevgisini qazanmağın sirri də bəlkə elə budur: insanlara yuxarıdan baxmamaq, onların ağrısını ürəyində hiss etmək…
O, Azərbaycan Prezidenti İlham Əliyevin həyat yoldaşı olmaqdan daha böyük bir mənanı daşıyır — onun ömür yolunun ən yaxın yol yoldaşı, etibarlı silahdaşı, dostu və sirdaşıdır. Birlikdə Azərbaycanın taleyinin məsuliyyətini daşıyan, sevincini və qayğısını bölüşən iki insan…
Və bütün bu böyük dövlət, ictimai və xeyriyyəçilik fəaliyyətinin arxasında bir ana, bir nənə, bir ailənin doğmalığını qoruyan qadın dayanır.
Bəlkə də Mehriban xanımı ən gözəl ifadə edən söz elə “Ana ” sözüdür.
Çünki Ana yalnız öz övladına deyil, ehtiyacı olana da mərhəmət göstərəndə ucalır.
Bu gün düşünürəm:
Bu insanın mərhəmətinə milyonlarla insan sığınıbsa, onu hansı insana bənzətmək olar?
Bəlkə bahara…
Çünki harada olsa, ümid gətirir.
Bəlkə işığa…
Çünki qaranlıqda yol göstərir.
Bəlkə ana qucağına…
Çünki dərdi olanın yarasını sarıyır.
Amma məncə, Mehriban xanımı heç kimə bənzətmək lazım deyil.
Çünki bəzi insanlar bənzətmələrlə deyil, öz mərhəmətləri ilə yadda qalırlar.
Mehriban xanım, doğum gününüz mübarək!
Arzu edirəm ki, bu günə qədər milyonlarla insanın qəlbində yaratdığınız ümid, sevgi və minnətdarlıq bundan sonra da yolunuzu işıqlandırsın.
Sizin üçün edilən ən gözəl dua, bəlkə də illər əvvəl yardım etdiyiniz bir uşağın böyüyüb həyata inamla baxmasıdır.
Ən böyük təşəkkür, bir ananın övladının sağalmasına görə etdiyi duadır.
Ən qiymətli hədiyyə isə milyonlarla insanın ürəyində qazandığınız sevgidir.
Allah sizi və ailənizi qorusun.
Doğum gününüz mübarək olsun, Mehriban xanım!
Qoy ömrünüz uzun, yolunuz işıqlı, ürəyiniz həmişə sevgi ilə dolu olsun.
Çünki bu ölkədə çox insan var ki, sizin mərhəmətinizdə bir gün ümid tapıb…
Və çox dua var ki, sizin adınızla başlayıb.
Ad gününüz mübarək, mərhəmətin ünvana çevrilmiş gözəl qadın.🌹❤️
Sevgilərimlə,
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist
Mənbə: Odlar.media
