🌐 Keçmişin izi, gələcəyin sözü
27 Avqust 2026, saat 07:57   •   🌡️ Bakı

Milyarder Mark Rouanın restoranı qonşularla uzunmüddətli məhkəmə çəkişməsinə səbəb olub

Odlar.media xəbər verir ki, ABŞ-nin Nyu-York ştatında, Montauk bölgəsində milyarder investor Mark Rouanın sahibi olduğu məşhur “Duryea’s Lobster Deck” restoranı yerli sakinlərlə uzunmüddətli hüquqi mübahisəyə səbəb olub.
“Apollo Global Management” şirkətinin baş direktoru Mark Rouana məxsus restoran məşhurların və sosial media fenomenlərinin tez-tez üz tutduğu dəbdəbəli məkanlardan biri kimi tanınır. Restoranda 97 dollarlıq lobster salatı, şampan və okean mənzərəsi təqdim olunur.
1920-ci illərdən fəaliyyət göstərən məkan ilkin olaraq sadə yemək dükanı olub. Əmlakın genişləndirilməsinə isə 1990-cı illərdə əvvəlki sahibi tərəfindən başlanılıb.
Yerli sakinlərin şikayətlərindən sonra Şərqi Hampton Tikinti Şurası bəzi genişləndirmələrin lazımi icazələr olmadan aparıldığını və ərazidə tamhüquqlu restoran fəaliyyətinə icazə verilmədiyini bildirib.
Rouan əmlakı 2014-cü ildə satın aldıqdan sonra parklanma, körpüdən istifadə və kanalizasiya sistemi də daxil olmaqla bir sıra məsələlərlə bağlı yerli hakimiyyət orqanları ilə hüquqi mübahisələr yaşanıb.
Təxminən 100 nəfərlik tutuma malik olduğu bildirilən müəssisə mövcud məhdudiyyətlər səbəbindən ənənəvi restoran formatında fəaliyyət göstərə bilmir. Ofisiantlar müştərilərdən birbaşa sifariş qəbul etmir. Qonaqlar seçimlərini menyuda qeyd edir və daha sonra kassada ödəniş edirlər.
Rouanın tərəfi məkanın hüquqi baxımdan restoran hesab edilmədiyini və binanın ilkin sahəsinin qorunduğunu bildirir. Yerli sakinlər isə obyektin restoran kimi fəaliyyət göstərməsi üçün bütün zəruri icazələrdən keçmədiyini iddia edirlər.
Tərəflər 2019-cu ildə əmlakın restoran kimi tanınmasını nəzərdə tutan razılaşma əldə etsələr də, şəhər şurasının bəzi üzvləri sənədin lazımi qaydada təsdiqlənmədiyini bildiriblər.
Ötən ilin mayında məhkəmə də şəhərin həmin razılaşmanı düzgün təsdiqləmədiyi qənaətinə gəlib. Sənəd etibarsız sayılıb və prosesin yenidən başlanmasına qərar verilib.
Məhkəmə restoranın fəaliyyətini davam etdirməsinə icazə versə də, yerli sakinlərin narazılığı davam edir. Onlar körpüdəki tentdən, əlillər üçün nəzərdə tutulan parklanma yerindən, piyada keçidindən və ərazidə keçirilən toy mərasimlərinə qədər müxtəlif məsələlərdən şikayətlənirlər.

Odlar.media