🌐 Keçmişin izi, gələcəyin sözü
14 İyul 2026, saat 20:01   •   🌡️ Bakı

Azərbaycan beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşını ekstradisiya edib

Odlar.media xəbər verir ki, Türkmənistan vətəndaşı, 1979-cu il təvəllüdlü Dovletgeldi Nursaxedoviç Başımovun cinayət məsuliyyətinə cəlb olunması məqsədilə ekstradisiya edilməsi ilə bağlı Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin olunub.
Baş Prokurorluğun məlumatına görə, Dovletgeldi Başımov Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanılması və daşınması cinayətlərini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmişdi.
Bildirilib ki, o, 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ekstradisiyası barədə qərar qəbul edilib. Daha sonra Dovletgeldi Başımov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.