Odlar.media xəbər verir ki, İranda Dövlət Sosial Təminat Sistemi büdcə vəsaitlərinin çatışmazlığı səbəbindən əlilliyi olan şəxslər üçün aylıq müavinətlərin ödənişini tamamilə dayandırıb.
Məlumata görə, dayə xidmətləri və gigiyena vasitələri üçün nəzərdə tutulan subsidiyaların ödənilməsində də gecikmələr müşahidə olunur.
Bildirilir ki, yaranmış vəziyyət ölkədə dərinləşən iqtisadi böhran fonunda sosial təminat sisteminin himayəsində olan vətəndaşlara, xüsusilə əlilliyi olan şəxslərə lazımi dəstəyi göstərmək imkanlarının zəiflədiyini göstərir.
Qeyd olunur ki, tibbi və gigiyena vasitələrinin qiymətlərinin kəskin bahalaşması onurğa beyni zədəsi olan təxminən 45 min nəfərə ciddi təsir edib. Steril sarğılar, kateterlər, sidik qabları, şprislər və yataq yaralarının müalicəsində istifadə olunan preparatların qiyməti son dövrdə iki-üç dəfə artıb.
Məlumata əsasən, iqtisadi böhran, tibbi xidmət və dərman xərclərinin sürətlə yüksəlməsi daimi müalicə, reabilitasiya və xüsusi tibbi avadanlıq tələb edən əlilliyi olan şəxslərin vəziyyətini daha da ağırlaşdırır.
