XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 12 Noyabr 2026 ✦ 05:00:00 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sözün susmadığı yerdə – İbrahim Göyçaylının poetik dünyası

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Şair İbrahim Göyçaylı – 90

APAR, ƏZİZİM

 

​Günlər sənsizlikdən bezib, yorulub,
Ayları, illəri çapar, əzizim.
Təkliyin əlindən məni almasan,
Ürəyim üzülər,
Qopar, əzizim.

​Bu sevda gecikən amandı, ahdı,
Gəlib ildırım tək gözümdə çaxdı.
Bu odu söndürmək,
Vallah, günahdı,
Sinəmi oymasın qübar, əzizim.

​Mənim tənhalığım min ildi bəlkə,
Ömrüm bu dünyada gəzəri kölgə.
Səni axtarmışam mən ölkə-ölkə,
Məni tənhalıqdan qurtar, əzizim.

​Dolaşıq salma, gəl, ağla qaranı,
Ağ elə ağdısa,
Ağla qaranı.
Razıyam, sən bütün arzularını
Qəlbimin qanıyla suvar, əzizim.

​Bu sevda yolunun yolçusu mərddi,
Kədəri sevincli,
Sevinci dərddi.
Bu yoldan dönənin özü namərddi,
Kəssə yolunu da divar, əzizim.

​Özün bilirsənmi günəş kimisən?
Günəşin üzündə işıq telisən.
Səni gözləyirdim,
Haqdan gəlmisən,
Bahar tək gəlmisən,
Bahar, əzizim.

​Sehrinlə açıldı dərdim, düyünüm,
Haqqım var haqqıma baxım, öyünüm.

​İlahi günüdü sənli hər günüm,
İlahidən gələn gün var, əzizim.

​Bu da belə tale,
Bu da belə bəxt,
Bilmirəm bədbəxtəm,
Bilmirəm xoşbəxt.
Daha mənim deyil bu can, bu həyat,
Bu can səninkidi,
Apar, əzizim.

​

YOXLUĞUNA ÖYRƏŞİRƏM

 

​Sənin həsrətinə,
Ayrılığına,
Sənin yoxluğuna öyrəşirəm mən.
Belə qəlp çıxıram gözüm yağına,
Yaman gileyliyəm mən ürəyimdən.

​Bir uca, ilahi günə yetirəm,
Sənsiz sevinirəm, sənsiz gülürəm.
Sənsiz yollarımı sənsiz gedirəm,
Bu günah içində niyə ölmürəm?

​Gəlib soyuq fəslim, soyuq günlərim,
Nə bir cəsarətim,
Nə tabım olur.
Ölüvay doğulur doğan səhərim,
Dünya səndən gələn əzabım olur.

​Sənin həsrətini, sənin qəmini
Çəkə bilmırəmsə sevgi də yoxdu.
Əgər yaşatmasam ruhumda səni,
Dünyada yaşamaq, vallah, günahdı.

​Tövşüdü canımda dünya həvəsim,
Yapışdı yaxamdan donuq xəcalət.
Təngidi içimdən gələn nəfəsim,
Büküb-bürmələdi məni sədaqət.

​Öyrəşirəm sənsiz günə-güzara,
Öyrəşirəm təzə sözə-söhbətə.
Sərhəd qoyammıram gedirəm hara,
Adam inanmayır bu məhəbbətə.

​Bir uca, ilahi günə yetirəm,
Sənsiz sevinirəm,
Sənsiz gülürəm.
Sənli yollarımı sənsiz gedirəm,
Bu günah içində niyə ölmürəm?

​

BU ZALIM ZAMANIN, ZALIM DÜNYANIN

 

​Bu zalım zamanın,
Zalım dünyanın
Yağışı, yağmuru üzümdən keçir.
Qayası dözməyən,
Dağını bükən
Ağrısı-acısı sözümdən keçir.

​Üzü dönük imiş qəlb çəkən yerin,
Gözləri oduymuş,
Ürəyi sərin.
Tutumlu, siqlətli, üzlü dərdinin
Ağrı, yüngülü dizimdən keçir.

​Umulan ümidə al-yaşıl geyən,
Haylayıb, çağırıb, “yaxın gəl” deyən,
Sevinci gəlməyən,
Bəxti ləngiyən
Yolağı, yolları gözümdən keçir.

​Bu da bir yarınmaq,
Bir ömür deyil,
Yuxulu yol gedən ey dili-qafil.
Odumdan alışır göy də elə bil,
Allahın özü də közümdən keçir.

​Yaşıla dönübdü damarımda qan,
Çapır inadıma atını dövran.
Gör ki, nə gündəyəm,
A zalım zaman,
Səbrim də incəlib dözümdən keçir.

​Sağalmır əzabdan min illik yaram,
Ömrümə, günümə bu gün, ay haram.
Daş kimi hoylayıb dərdi atıram,
Qayıdıb yenə də özümdən keçir.

​1995

 

AĞRI

 

​Dəyişir rəngini səhər də, gün də,
Ələnir yollara qar soyuğu qəm.
Ayımız, ilimiz belə gələndən
Ağrılar içində azıb düşüncəm.

​Yaxşılar azalır…
Dünya dəyişir…
Mənmi qocalıram, yermi qarıyır?
Dolaşıq, qarışıq bu vaxt içində
Həyatım ağrıyır, ruhum ağrıyır.

​Qeyrət də su kimi axdığı üçün
Duru çayların da durulmur qanı.
Oğulun, övladın nadanlığından
Ana torpağın da ağrıyır canı.
​Mənim nisgilimdi, dərdim, sərimdi
Qovrulan çiçəyim, saralan gülüm.
Duyğusuz insandan utanmaq heç nə,
Yıxılan ağacdan utanmaq — ölüm.

​Azıb dolaylarda ilahi sevgi,
Sıyrılıb çıxammır dumandan, çəndən.
Sabahın bakirə aydınlığına
Heyrət yağmalanıb qərib gözündən.

​Məhəl qoymasa da hər gəlişinə,
Bükülür ağrıdan nə qədər ünvan.
Bütün ağrılara dözüb, dayanıb,
Qadir insan olub ağrıdan insan.

​Dəyişir rəngini səhər də, gün də,
Ələnir günlərə qar soyuğu qəm.
Ayımız, ilimiz belə gələndən
Ağrılar içində azıb düşüncəm.

​1995

 

QAPI DALINDA

 

​İçimdə bir qayğı didir sinəmi,
Bu qayğı mənimdi,
Qardaş, sənindi.
Yoldaşı sağında,
Dostu solunda,
Namərdlik yaşayır mələk halında.
Çətindi mərdliklə yaşamaq indi,
Mərdliyi qoyurlar qapı dalında.

​Biri işləyəndə,
Plan verəndə,
Közü qabağına yığanda biri,
Onunun işini biri görəndə,
Dünyanı inək tək sağanda biri,
Qırılır mərdliyin,
Qırılır beli.

​Kütbeyin, kəmağıl müdür olanda,
Ağıllı dayanıb səbir olanda
Pozulur dünyanın nizamı, inan,
Dönür çay daşına bir qaya inam.
Beləcə süstləşir,
Korşalır, bəli,
Daşyonan mərdliyin qırılır əli.

​Gizlədib hamıdan iki üzünü
Biri “doğruluqdan” paltar geyəndə,
Birini üz-üzə tərifləyəndə,
Qayıdıb arxada bir söz deyəndə,
Əsir sinəsində bir səmum yeli,
Lal olur,
Mərdliyin tutulur dili.

​Qohumlu, qardaşlı,
Aşnalı namərd
Gəlib aramızda bitəndə hərdən,
Artır iştahası minnət damarın.
Ölçüsü, meyarı itəndə hərdən

​Yaxşı adamlarla pis adamların,
Yığılıb baş-başa hiylə qururlar,
Mərdə uşaq kimi ot yoldururlar.
​Sevgi olmayanda torpağa, daşa,
Sevgi olmayanda yara, yoldaşa
İnsan yazıqlaşır,
Gün yazıqlaşır.
Hörmət olmayanda dosta, yoldaşa
Namərdlər çoxalır,
Həddini aşır.
​İçimdə bir qayğı didir sinəmi,
Bu qayğı mənimdi,
Qardaş, sənindi.
Yoldaşı sağında,
Dostu solunda,
Namərdlik yaşayır mələk halında.
Çətindi mərdliklə yaşamaq indi,
Mərdliyi qoyurlar qapı dalında.

​1987

 

 

Hazırladı: Odlar.media

 

Etiketlər: