hə, dörd açaq gözümüzü,
kömək əlimizi də.
qucağımızı dörd açaq
bir arzuya, ümidə…
İşıq düşsün damdan dama,
qapımızı dörd açaq bir salama,
qol, qanad-
ey dadi-bidad-
açmalı nə var dörd açaq…
qulağımızı dörd açaq
bəzən sükuta.
haqdandı ruzi, dörd açaq,
süfrəmizi dörd açaq…
bir qarış irəli getməyə
bir addımımızı dörd ataq…
bir acıya sinəmizi dörd gərək,
oynamayaq özgə havalara.
əyilən bir divara
çiynimizi dörd verək!..
KEÇ YOLUN SAĞINDA DAYAN
Keç yolun sağında dayan,
solu nə qədər də uzaq;
Burdan ora adlayınca
elə et ki, çıxasan sağ…
Böyük-böyük daşlar düşür
əzildikcə toz halına.
Sənə iki göz verilib
ağlayasan öz halına…
Salama uzanan əllər
çox yaxınmı bir-birinə.
Dünya ovcunun içində,
vaqifsənmi bir sirrinə…
Papağını qoy qarşına,
nöqtə boyda yer- bu cahan;
Bir yanında düşür axşam,
bir yanında sökülür dan…
Bir anda qaranlıqları
biçən o ay-orağa bax;
Səmada tək hamı üçün
işıq saçan çırağa bax…
Heç bir qarışın da deyil;
eh, bu ucsuz-bucaqsızlıq…
Qaranı ağın yerinə
qoymaq var isə, haqsızlıq…
O axan su bir xəbərmi
min il, milyon il sonradan.
Olur, heç şah deyən də yox,
amma ki, mat qalır adam…
Saçını bəyaza boyar
yanan ürəyinin qoru…
Bil, kimsəsiz ev kimisən,
hər küncün hörümçək toru…
Var qulağınla gördüyün,
gözünlə eşitdiklərin;
Mərc üçün bir uzat hələ
gör özünə çatır əlin?..
SƏN – GÖYÜZÜNƏ YIXILAN ADAM
qolun qoynuna,
əlin dizinin yarasına yıxılar…
yıxılar sığalın saçlarının bəyazlığına;
birdən başın ovuclarının arasına yıxılar…
sağ ayağın
sol ayağın üstə düşər…
günahlar da beləcə
bir-birinin üzərinə qalaqlanar;
deyil də günahkar,
bir günahsız suçlanar …
durub bu işdəcəklərə
məlul-məlul baxarsan bir yandan
sən– göyüzünə çoxdan yıxılan adam…
SÜBH
Bir bəyaz tül sərilmiştək
göy üzünə, açılır sübh.
Bir yol “ol” deyilibdi ha,
öz-özünə açılır sübh…
Bir möcüzə olmalı ki,
dərdlər qəlbdən tam silinə,
Kimin isə işıq dolu
ay üzünə açılır sübh…
Nəğmə kimi bir dodaqdan
süzülən o şəfəqə bax,
Hardasa bir gözütoxun
tox gözünə açılır sübh…
Nə mənalar aləminə
baş vururuq gecə-gündüz;
Elə bil ki, Füzulinin
bir sözünə açılır sübh…
Xəyalların üfüqündə
bax ümid sayrışmasına,
Çözüləsi bir düyünün
gec-tezinə açılır sübh…
Dedin əlim uzanacaq
bir ələ ki, mübarəkdi;
İffətlilər ismətinə,
həm irzinə açılır sübh…
Nəyə isə inancını,
inamını itirmə heç;
Zülmətin yolu bağlanır
və ruzinə açılır sübh…
Xoş niyyətlə döyülürsə
əgər birinin qapısı,
“Gəlmə” desə axşam düşər;
“Gəl” səsinə açılır sübh…
Hər olanın- olacağın
min-min dürlü halını gör,
Bəlkə də bir doğma əlin
istisinə açılır sübh!..
DOLU ÜRƏK BOŞALSA YEY
Dolu ürək boşalsa yey; ağır bir yükə dönür lap
Sualı özümə verib
ala bilmədiyim cavab…
Sellənib göyəmi axır;
ağzı haradı çayların…
Bir sakitlik gəzir ürək
içində bu qeylü-qalın.
Kim kimə üzünü tutur,
harda ayrı, harda birik;
Biz əl-ələ vermirik ki,
ayaq-ayağa veririk…
Qulaq deşən, bağır yaran
səslər, allah, batmış kimi.
Biri keçir qabağımdan
ayaq üstə yatmış kimi.
Ağlım görür, gözüm kəsir,
yağan yağış daş yağır, daş.
A qardaş, nədən ötrüdür
qucağına yığdığın daş?
Fəndlər işə düşür elə,
hayla gələn getmir huyla.
Qorxan yox bir odu sönmüş
yeri yandırar ahıyla…
Üç almadan keçib daha,
axı, göydən düşən nədir.
Başa düşənin də sözü
sözü başa düşənədir…
Bir xatirəm oyananda
sevinci də qəm görürəm…
Hara göz qoysam, mən ordan
bir damla yaş götürürəm…
Ayağım hönkürür yola;
yol özündən getmiş kimi…
Hamı sönür bir-birindən
bir-birinə yadmış kimi…
Müəllif: Şakir Xanhüseynli
Mənbə: Odlar.media