22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Məhz 1875-ci ilin bu günündə böyük maarifçi Həsən bəy Zərdabi Azərbaycan dilində nəşr olunan ilk qəzet – “Əkinçi”ni təsis etməklə milli mətbuatımızın təməlini qoydu. Üzərindən 150 ildən artıq vaxt keçməsinə baxmayaraq, Zərdabinin “Əkinçi” ilə başladığı missiya – cəmiyyəti maarifləndirmək, həqiqəti çatdırmaq və ictimai fikrin formalaşmasına töhfə vermək bu gün də aktuallığını qoruyur.
Bəs müasir Azərbaycan mediası hansı vəziyyətdədir? Jurnalistika cəmiyyətin güzgüsü ola bilirmi? Sosial şəbəkələr peşəni gücləndirib, yoxsa dəyərsizləşdirib? Süni intellekt və rəqəmsallaşma dövründə medianın gələcəyi necə görünür?
Milli Mətbuat Günü münasibətilə bu və digər aktual suallar ətrafında Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru, siyasi şərhçi Qulu Məhərrəmli ilə Bakı Dövlət Universitetində geniş söhbət etdik. Müsahibədə Azərbaycan mediasının bu günü, problemləri, perspektivləri və jurnalistikanın gələcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirildi.
Odlar.media həmin müsahibəni oxucularına təqdim edir.
— Qulu müəllim, icazənizlə söhbətə bir qədər qeyri-adi sualla başlamaq istəyirəm. Əgər sizə desələr ki, Azərbaycan jurnalistikası artıq ölüdür, sadəcə bunu heç kim etiraf etmir, bu fikrə necə cavab verərdiniz?
— Azərbaycan jurnalistikasının öldüyünü demək bir qədər maksimalist yanaşmadır. Dostlarımızdan biri bunu daha dəqiq ifadə etmişdi: “Bizim mətbuat ölməyib, amma yaşamır da.” Bu, əlbəttə ki, obrazlı və şərti ifadədir, lakin bugünkü mənzərəni müəyyən mənada əks etdirir.
Jurnalistikada həm qığılcımlar var, həm köhnə yanaşmalar qalır, həm də yeni texnologiyalar və müasir tendensiyalar mövcuddur. Ancaq əsas məsələ başqadır: bu jurnalistika cəmiyyəti nə dərəcədə ifadə edir? Cəmiyyətin etimadını nə qədər qazana bilir? Məhz əsas sual budur.
— Qulu müəllim, bəzən deyirlər ki, jurnalistika cəmiyyətin vicdanıdır. Sizcə, bu gün Azərbaycanda bu vicdan danışır, susur, yoxsa sadəcə pıçıltı ilə kifayətlənir?
— “Jurnalistika cəmiyyətin vicdanıdır” fikrinin özü mübahisəlidir. Mən deməzdim ki, jurnalistika cəmiyyətin vicdanıdır. Daha çox qəbul olunmuş yanaşmaya görə, jurnalistika cəmiyyətin güzgüsüdür. Yəni cəmiyyət mətbuatda əks olunur, televiziyada görünür, radioda eşidilir. İnternet mediasında isə həm görünür, həm eşidilir, həm də özünü ifadə etmək imkanı qazanır.
Bu baxımdan, jurnalistikanı cəmiyyətin güzgüsü adlandırmaq daha doğru olardı. Vicdan anlayışı isə daha mürəkkəb məsələdir. O, birbaşa həqiqət, dürüstlük və mənəvi məsuliyyətlə bağlı olduğuna görə “jurnalistika cəmiyyətin vicdanıdır” ifadəsini o qədər də dəqiq hesab etmirəm.
— Qulu müəllim, bayaqkı sualımda jurnalistikanı cəmiyyətin vicdanı adlandırmışdım. Siz isə cavabınızda qeyd etdiniz ki, jurnalistika cəmiyyətin güzgüsüdür. Qulu Məhərrəmlinin fikrincə, doğrudanmı bu gün jurnalistika cəmiyyətin güzgüsüdür?
— Jurnalistika cəmiyyətin güzgüsü olmalıdır. O güzgü nə qədər təmiz, şəffaf və obyektiv olarsa, cəmiyyət üçün də bir o qədər faydalı olar. Əgər jurnalistika cəmiyyəti təhrif olunmuş şəkildə əks etdirirsə, hadisələri olduğundan fərqli təqdim edirsə və ya reallığın üzərinə süni “işıq” salaraq onu olduğundan daha yaxşı göstərməyə çalışırsa, bu, artıq həqiqətin ifadəsi deyil.
Jurnalistikanın əsas vəzifəsi cəmiyyəti və baş verən prosesləri olduğu kimi əks etdirmək, onları auditoriyaya obyektiv, dəqiq və dürüst şəkildə çatdırmaqdır. Peşənin mahiyyəti də məhz bundan ibarətdir.
— Sizcə, bu gün jurnalistlər həqiqəti olduğu kimi deməkdən daha çox, onun hansı hissəsinin “deyilə bilən” olduğunu əvvəlcədən düşünərək yazırlar?
— Jurnalistikanın bütün dünyada qəbul olunmuş etik prinsipləri var və həmin prinsiplər bu peşənin mahiyyətini dəqiq ifadə edir. Jurnalist etikası ilə bağlı əsas qaydalardan biri budur ki, jurnalist həqiqəti axtarmalı, onu tapmalı və cəmiyyətə çatdırmalıdır. Jurnalistin başlıca vəzifəsi həqiqəti demək, doğru, dürüst və qərəzsiz məlumat verməkdir.
Bunun nə dərəcədə yerinə yetirildiyini isə artıq həmin informasiyanın ünvanlandığı cəmiyyət qiymətləndirir. Yəni əsas sual budur: biz mətbuatı doğrudanmı həqiqəti söyləyən institut kimi qəbul edirik, yoxsa həqiqət bizə müəyyən əlavələrlə, bəzədilmiş formada təqdim olunur? Bəzən informasiya təhrif edilir, bəzən yarımçıq çatdırılır. Bütün bunlar isə artıq peşəkarlıq və jurnalist etikası ilə bağlı məsələlərdir.
— Medianın özünüsenzurası açıq senzura ilə müqayisədə daha təhlükəli deyilmi?
— Əslində senzura, bizim adətən düşündüyümüz mənada, hər zaman təhlükəli bir anlayış deyil. Məsələn, jurnalist etikası baxımından hər hansı aşırı sərbəstliyə yol verməmək üçün müəyyən özünənəzarət vacibdir və bu, peşəkarlığın bir hissəsidir.
Amma söhbət həqiqəti deməkdən çəkinməkdən gedirsə, yəni jurnalistin özünə senzura tətbiq edərək gerçəyi gizlətməsindən gedirsə, bu artıq çox ciddi problemdir. Məhz bu mənada özünüsenzura jurnalistika üçün zərərlidir. Çünki jurnalistin əsas vəzifəsi həqiqəti söyləmək, peşə borcunu yerinə yetirməkdir.
Gerçəyin cəmiyyətə çatdırılması həm cəmiyyətin, həm hökumətin, həm də bütövlükdə dövlətin maraqlarına xidmət edir. Həqiqət ört-basdır ediləndə, gec-tez başqa formada üzə çıxır və bu, daha ağır fəsadlara səbəb olur. Əksinə, nöqsan və qüsurların vaxtında üzə çıxarılması, onların aradan qaldırılması üçün şərait yaradır və cəmiyyətdə sağlam inkişaf meyillərinin formalaşmasına xidmət edir.
— Azərbaycan mediasında qorxu daha çox haradan qaynaqlanır: sistemdən, yoxsa jurnalistin öz daxilindən?
— Bu mövzu ətrafında həmişə geniş müzakirələr aparılır. Əsas suallardan biri də budur: jurnalist haraya qədər cəsarətli olmalıdır? Ümumiyyətlə, jurnalist niyə qorxur? Onu həqiqəti demək məsuliyyəti qorxudur, yoxsa sistemdən qaynaqlanan basqılar, maneələr və digər amillər?
Məncə, burada söhbət təkcə jurnalistin fərdi qorxusundan getmir. Əsas məsələ odur ki, jurnalist həqiqəti demək məqamında nə dərəcədə cəsarətlidir, onu nə qədər doğru ifadə edə bilir və ən əsası, dediyi həqiqətin arxasında nə dərəcədə dayanmağı bacarır.
Bu problem isə bütün jurnalistlərə eyni dərəcədə aid deyil. Daha çox araşdırma jurnalistikası ilə məşğul olanlara aiddir. Çünki onlar fakt toplamaq, məlumatı təhlil etmək, tənqidi yanaşmaq, müqayisələr aparmaq, gizli qalan məqamları üzə çıxarmaq kimi mürəkkəb mərhələlərdən keçirlər. Bütün bunlar jurnalistdən yüksək peşəkarlıqla yanaşı, böyük cəsarət də tələb edir.
Ona görə də hesab edirəm ki, araşdırmaçı jurnalist üçün xarakter, prinsipiallıq və qorxusuzluq peşənin ən vacib keyfiyyətlərindəndir.
— Televiziya niyə getdikcə informasiya vermək əvəzinə diqqət yayındırmaq alətinə çevrilir?
— Mən bu fikirlə tam razı deyiləm. Çünki bütün televiziyaları eyni meyarla qiymətləndirmək doğru olmaz. Televiziya elə bir platformadır ki, burada informasiya proqramları da var, analitik verilişlər də, maarifləndirici layihələr də, musiqi və əyləncə proqramları da.
Bəzən əyləncə məzmununun payı daha çox olduğu üçün tamaşaçıda belə bir təsəvvür yaranır ki, televiziya yalnız əyləncə ilə məşğuldur. Halbuki keyfiyyətli əyləncəyə də cəmiyyətin ehtiyacı var. Ancaq televiziya öz yayım siyasətini yalnız əyləncə üzərində qura bilməz. İnformasiya vermək, maarifləndirmək və cəmiyyət üçün faydalı məzmun təqdim etmək televiziyanın əsas missiyalarından biri olaraq qalmalıdır.
— Bu gün tamaşaçı həqiqəti istəyir, yoxsa sadəcə təsəlli və əyləncə axtarır?
— Tamaşaçı hər cür düşünə, müxtəlif gözləntilərə sahib ola bilər. Kimi həqiqət axtarar, kimi əyləncə, kimi isə təsəlli. Ancaq konseptual baxımdan əsas məsələ tamaşaçının nə istəməsi deyil. Əsas məsələ jurnalistin, televiziya rəhbərinin və ya hər hansı media platformasında çalışan qələm adamının öz missiyasını düzgün dərk etməsidir.
Media nümayəndəsi hansı auditoriyaya müraciət etdiyini, ona hansı məlumatı çatdırmalı olduğunu və hansı ictimai missiyanı yerinə yetirdiyini dəqiq bilməlidir. Bu, peşənin ən vacib tələblərindən biridir.
Ona görə də bu məsələyə qiymət verərkən diqqəti yalnız tamaşaçının istəyinə yönəltmək düzgün olmaz. Əsas olan medianın cəmiyyətə nə dediyi, hansı dəyərləri ötürdüyü və ictimai məsuliyyətini necə yerinə yetirdiyidir. Məhz bütün yanaşma da bunun üzərində qurulmalıdır.
— Sosial şəbəkələr jurnalistikanı demokratikləşdirdi, yoxsa peşəni dəyərsizləşdirdi?
— Bu, təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də sosioloqların və media tədqiqatçılarının geniş araşdırdığı mövzulardan biridir. İlk növbədə bir məsələyə aydınlıq gətirməliyik: sosial şəbəkələr jurnalistika deyil. Onlar daha çox vətəndaş mediası funksiyasını yerinə yetirirlər.
Məsələn, əvvəllər hər kəsin qəzetdə məqalə dərc etdirmək və ya xəbər yaymaq imkanı yox idi. Bu gün isə hər bir vətəndaş sosial şəbəkələr vasitəsilə öz fikrini ifadə edə, məlumat paylaşa və cəmiyyətə müraciət edə bilir. Bu baxımdan sosial şəbəkələr insanlara həm özünüifadə azadlığı, həm də informasiya almaq və yaymaq imkanı verir.
Ancaq bu azadlıq sərhədsizlik demək deyil. Sosial şəbəkələrdən necə istifadə olunması həlledici məsələdir. Mən bunu bəzən atom enerjisi ilə müqayisə edirəm. Ondan elektrik enerjisi istehsal etmək, sənayenin inkişafına xidmət etmək də mümkündür, böyük dağıntılara səbəb olmaq da. Sosial şəbəkələr də eyni mahiyyət daşıyır.
Düzgün istifadə olunduqda onlar insanların özünü ifadə etməsi, informasiya ehtiyaclarını ödəməsi və cəmiyyətə məlumat çatdırması üçün mühüm platformadır. Amma eyni zamanda etiraf etməliyik ki, sosial şəbəkələr böyük bir informasiya zibilliyinə də çevrilə bilir. Çünki ora hər cür məlumat — doğru da, yalan da, faydalı da, zərərli də — nəzarətsiz şəkildə yerləşdirilir. Bu səbəbdən həmin məkanın imkanları ilə yanaşı, risklərini də nəzərə almaq lazımdır.
— Sürət naminə doğruluğun qurban verilməsi artıq normaya çevrilibmi?
— Bu gün sosial şəbəkələrin və rəqəmsal medianın etik baxımdan tənzimlənməsinə ciddi ehtiyac var. Söhbət hüquqi məhdudiyyətlərdən yox, məhz peşə və etik məsuliyyətdən gedir.
Sosial şəbəkələr demokratik imkanlar yaradır. Onların vasitəsilə forumlar keçirilir, virtual ünsiyyət genişlənir, konfranslar təşkil olunur, müxtəlif platformalar və qruplar yaradılır, həmkarlar arasında fikir mübadiləsi aparılır. Bu baxımdan sosial şəbəkələr həm ünsiyyət, həm də informasiya yayımı üçün geniş imkanlar açır.
Ancaq məsələnin digər tərəfi də var. Etik normalar pozulduqda, insanların şəxsiyyəti təhqir edildikdə, ləyaqəti alçaldan çıxışlara yol verildikdə bu, həm cəmiyyətdə məyusluq yaradır, həm də bir çox insanlar bütün bunları jurnalistika ilə eyniləşdirirlər. Nəticədə jurnalistikaya münasibət qeyri-ciddi olur və bundan peşənin özü zərər görür.
Digər tərəfdən, peşəkar jurnalistika da artıq sosial şəbəkələrin içərisində fəaliyyət göstərir. Bu gün istənilən televiziya, radio, qəzet və ya xəbər saytı sosial şəbəkələrdə öz platformasını yarada bilir. Əgər həmin platformalarda peşəkar yanaşma üstünlük təşkil edərsə, bu, jurnalistikanın nüfuzunu artırır. Əks halda isə meydan diletantlara, təhqir və söyüş dili ilə danışanlara qalır ki, bu da həm informasiya mühitinə, həm də jurnalistikanın nüfuzuna ciddi zərbə vurur.
— Sizcə, bu gün Azərbaycan jurnalisti daha çox müstəqildir, yoxsa sadəcə fərqli asılılıqlar içindədir?
— Bu, kifayət qədər ciddi məsələdir. Sirr deyil ki, bəzi saytlar müəyyən mərkəzlərin təsiri altında fəaliyyət göstərir, sifariş əsasında materiallar hazırlayır və bunun müqabilində maliyyə alırlar.
Amma elə media orqanları da var ki, müstəqilliyini qorumağa çalışır, gerçəyi yazır, cəmiyyət üçün vacib olan məlumatları təqdim edir və bununla da informasiyanın keyfiyyətinin yüksəlməsinə töhfə verir.
Bu gün biz həm informasiya bolluğu, həm də informasiya kasadlığı ilə üz-üzəyik. Bir çox hallarda eyni xəbər müxtəlif saytlarda eyni cümlələrlə, eyni təqdimat formasında yayımlanır. Nəticədə informasiya mühiti monotonlaşır, xəbərlər öz fərqliliyini itirir və bir növ xəbər solğunluğu yaranır.
Bundan qorunmaq lazımdır. Çünki belə vəziyyət sonda fikir, düşüncə və yanaşma yoxsulluğuna gətirib çıxarır. Nə fikir plüralizmi formalaşır, nə sağlam müzakirə mühiti yaranır, nə də fərqli baxışlar ortaya qoyulur. Sadəcə saytlar materiallarla doldurulur, amma bu, cəmiyyət üçün keyfiyyətli informasiya mühiti yaratmağa kifayət etmir.
— Sizin dövrünüzün jurnalistləri ilə bugünkü jurnalistlər arasında əsas fərq vicdandadır, yoxsa peşəkarlıqda?
— Bu suala qəti cavab vermək üçün ciddi araşdırma aparmaq lazımdır. Mən düşünmürəm ki, fərqi yalnız vicdan və ya yalnız peşəkarlıqla izah etmək olar.
Ümumiyyətlə, jurnalistikaya gələnlərin əksəriyyəti bu peşəyə böyük romantika və yüksək ideallarla başlayırlar. Ancaq müəyyən müddətdən sonra müxtəlif səbəblərdən peşə ilə bağlı məyusluq və peşmanlıq yaranır. Nəticədə bəziləri jurnalistikanı tərk etməyə qərar verirlər.
Mən bunu öz tələbələrimin timsalında da görürəm. Jurnalistika fakültəsini bitirən və bir müddət mediada çalışan gənclərin bir qismi sonradan PR və reklam sahəsinə üz tutur. Bu istiqamətlər də yaradıcılıq fəaliyyətinin bir hissəsidir, lakin mahiyyət etibarilə jurnalistika deyil. Buna görə də bugünkü vəziyyəti yalnız vicdan və ya peşəkarlıq fərqi ilə izah etmək düzgün olmaz. Burada peşənin şərtləri, imkanları və motivasiyalar da mühüm rol oynayır.
— Qulu müəllim, əgər sizə yalnız birini seçmək imkanı verilsəydi – hakimiyyəti, yoxsa həqiqəti cəmiyyətə çatdıran mətbuatı – hansı seçimi edərdiniz və niyə?
— Bu sualla bağlı ABŞ-ın keçmiş prezidentlərindən biri olan Tomas Ceffersonun məşhur yanaşmasını xatırlatmaq istərdim. O deyirdi ki, seçim qarşısında qalsa, mətbuatsız hakimiyyəti yox, hakimiyyətsiz mətbuatı seçərdi.
Mən də bu fikirlə razıyam. Çünki jurnalistika mütləq olmalıdır, cəmiyyət daim məlumatlandırılmalıdır. İnsanlar informasiya ilə yaşayır, onu dəyərləndirir və həyatları ilə bağlı qərarlarını həmin məlumatlar əsasında qəbul edirlər. İnformasiya cəmiyyət üçün bir növ yol bələdçisidir.
Məhz buna görə də mətbuat hər bir cəmiyyətdə mühüm yer tutmalı, azad və müstəqil fəaliyyət göstərməlidir. Yalnız bu halda o, öz əsas missiyasını yerinə yetirə və cəmiyyətə real fayda verə bilər.
— Bu gün mətbuat və televiziya cəmiyyəti maarifləndirdiyini iddia edir, amma eyni zamanda zövqü sadələşdirir və diqqəti parçalayır. Sizcə, media həqiqətən inkişaf etdirir, yoxsa sadəcə daha rahat idarə olunan auditoriya formalaşdırır?
— Fuad bəy, ümumiyyətlə, sualın qoyuluşunda müəyyən qədər cavabın özü və subyektiv yanaşma da var. Mən bu məsələyə bir qədər fərqli baxardım.
Televiziyada maarifləndirici verilişlər var və onların bir qismi tamaşaçılar tərəfindən maraqla izlənilir. Amma etiraf etmək lazımdır ki, bu sahədə narazılıqlar da kifayət qədərdir. Əsas problem maarifləndirici proqramların sayından çox, onların səviyyəsi, peşəkarlığı və təqdimat forması ilə bağlıdır.
Maarifçiliyin daha təsirli metodlarının tapılması, xüsusilə gənclərə yönəlmiş maraqlı və müasir formatlı verilişlərin hazırlanması çox vacibdir. Mən müşahidə edirəm ki, AZTV-də, İctimai TV-də və Real TV-də belə layihələr var və onlar diqqətimi cəlb edir.
Sadəcə, bu tip verilişlərin ümumi yayım siyasətində xüsusi çəkisi azdır. Bundan əlavə, bəzən peşəkarlıq və təqdimat baxımından kifayət qədər cəlbedici olmurlar. Düşünürəm ki, əsas diqqət də məhz bu istiqamətə yönəldilməlidir.
— Yazılı medianın rəqəmsala keçidi ilə informasiya sürətləndi, amma dərinlik azaldı. Sizcə, biz texnologiya qazandıq, yoxsa düşünmək qabiliyyətimizi yavaş-yavaş itiririk?
— İnformasiya texnologiyalarının inkişafı fonunda jurnalistika da çoxşaxəli transformasiya prosesi keçirdi. Bu dəyişikliklər özünü bir neçə istiqamətdə göstərdi. Birincisi, rəqəmsallaşma baş verdi. İkincisi, media konvergensiyası sürətləndi. Üçüncüsü isə qloballaşma informasiya mühitini tamamilə yeni mərhələyə çıxardı.
Bu gün biz hər hansı bölgədə bir məlumat paylaşırıq və həmin informasiya saniyələr içində dünyanın o biri tərəfində, məsələn, Kaliforniyada oxunur. Bu, rəqəmsal medianın yaratdığı ən mühüm üstünlüklərdən biridir.
Məhz bu transformasiya jurnalistikaya yeni keyfiyyətlər qazandırıb. Texnologiya mahiyyət etibarilə jurnalistikanın inkişafına xidmət edir. Əsas məsələ də budur.
Ancaq müasir jurnalistika təkcə texnologiya ilə ölçülmür. Peşəkarlıq texnoloji bilik və bacarıqlarla vəhdət təşkil etməlidir. Məhz bu iki amilin birləşməsi yeni jurnalistikanın əsas simasını və başlıca xüsusiyyətini formalaşdırır. Biz bunu aydın şəkildə dərk etməliyik.
— Əgər sabahın mediasını bu gündən yox, cəmiyyətin öz xarakterindən proqnozlaşdırmalı olsaq, gələcəyin Azərbaycan mediasını Qulu Məhərrəmli necə təsəvvür edərdi?
— Bu sualın əslində klassik cavabı var. Jurnalistika və media həmişə içərisində yaşadığı cəmiyyətin rəngini özünə hopdurur. Yəni cəmiyyət necədirsə, onun mediası da böyük ölçüdə elə olur. Medianı cəmiyyətdən ayrı təsəvvür etmək mümkün deyil.
Cəmiyyət inkişaf etdikcə, vətəndaş institutları gücləndikcə, siyasi və ictimai islahatlar dərinləşdikcə, bütün bunlar istər-istəməz mediada da öz əksini tapacaq. Ona görə də gələcəyin mediası ilə bağlı hazır resept vermək doğru olmaz. Demək olmaz ki, media məhz bu istiqamətdə inkişaf edəcək. Burada əsas müəyyənedici amil cəmiyyətin öz inkişaf dinamikasıdır.
Artıq qəbul olunmuş həqiqətdir ki, jurnalistikanın azadlığı və medianın müstəqilliyi birbaşa yaşadığı cəmiyyətin xarakterindən asılıdır. Ona görə də bizim əsas məqsədimiz həmin mühitdə jurnalistikanın tədricən inkişafına, peşəkarlığın yüksəlməsinə və media keyfiyyətinin artmasına nail olmaqdır.
Gələcəklə bağlı danışırıqsa, bir məsələ tam aydındır: texnoloji transformasiya davam edəcək. Rəqəmsallaşma artıq seçim deyil, qaçılmaz reallıqdır. Bütün televiziya kanalları və media qurumları rəqəmsal mühitə keçir. Hələ tam keçməyənlər də bu istiqaməti gələcəyin əsas platforması kimi qəbul edir və həmin prosesə qoşulmağa çalışırlar.
Ancaq mən hesab edirəm ki, gələcəyin mediasını təkcə texnologiya müəyyənləşdirməyəcək. Texnologiya sadəcə vasitədir. Əsas məsələ odur ki, həmin texnologiyadan necə istifadə olunur. Gələcəyin mediası cəmiyyəti daha keyfiyyətli, operativ və etibarlı şəkildə məlumatlandırmağı bacarmalıdır.
Mənim təsəvvürümdə gələcəyin mediası azad, müstəqil, peşəkar və yüksək texnoloji imkanlara malik bir media olacaq. Belə media yalnız informasiya yayan platforma deyil, həm də yaşadığı cəmiyyətin demokratik institutlarından biri kimi fəaliyyət göstərəcək, cəmiyyətin inkişafına, şəffaflığın güclənməsinə və sağlam ictimai fikrin formalaşmasına xidmət edəcək. Bu, əslində medianın ən ali missiyasıdır.
— Qulu müəllim, təsəvvür edin ki, 20 ildən sonra gələcəyin jurnalistləri bu günün mediasına tarix kimi baxacaqlar. Sizcə, onlar bizi həqiqəti qoruyan nəsil kimi xatırlayacaqlar, yoxsa həqiqəti texnologiyanın səs-küyündə itirən nəsil kimi?
— Bu, artıq bizim bu gündən verəcəyimiz qərarlardan asılıdır. Texnologiya özü nə yaxşıdır, nə də pis. O, sadəcə vasitədir. Əsas məsələ ondan necə istifadə etməyimizdir. Əgər biz peşəkarlığı, həqiqəti, etik prinsipləri və ictimai məsuliyyəti qoruya bilsək, gələcəyin jurnalistləri bu dövrü medianın yenidən qurulduğu mərhələ kimi qiymətləndirəcəklər. Əks halda, texnologiyanın imkanları olsa da, jurnalistikanın mahiyyəti zəifləyə bilər.
Unutmaq olmaz ki, media həmişə yaşadığı cəmiyyətin aynasıdır. Cəmiyyət inkişaf etdikcə, media da inkişaf edir. Azad düşüncə, güclü vətəndaş institutları və peşəkar jurnalistika bir-birindən ayrı mövcud ola bilməz.
Mən inanıram ki, gələcəyin mediası daha rəqəmsal, daha sürətli və daha texnoloji olacaq. Amma onun dəyərini müəyyən edəcək amil yenə də insan olacaq — jurnalistin vicdanı, peşəkarlığı və həqiqətə sədaqəti. Əgər bunları qoruya bilsək, gələcəyin nəsilləri bizi həqiqəti texnologiyaya qurban verməyən, əksinə, texnologiyanı həqiqətin xidmətinə qurban verən jurnalistlər kimi xatırlayacaqlar. Bu isə medianın gələcəyi üçün ən böyük uğur olar.



Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Mənbə: Odlar.media
