Odlar.media xəbər verir ki, Azərbaycan Ordusunda genişmiqyaslı hərbi təlimlər, yeni silah sistemlərinin tətbiqi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Məlumata görə, ötən həftə Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilən JF-17 Block III qırıcı təyyarələri ilə təlim uçuşları həyata keçirilib. Eyni zamanda, Quru Qoşunlarının genişmiqyaslı taktiki manevrlərinə başlanılıb, Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri isə serbiyalı həmkarları ilə birgə hazırlıq prosesində iştirak ediblər.
Bildirilir ki, 2026-cı ilin ilk yarısında Azərbaycan və Türkiyə arasında ən azı altı iri hərbi təlim keçirilib. Bunlar “Sarsılmaz Qardaşlıq-2026”, “TurAz Qartalı-2026”, “Heydər Əliyev-2026”, “EFES-2026”, “Anadolu Qartalı-2026” və “Qafqaz Qartalı-2026” təlimləridir. Qeyd olunur ki, bu tədbirlər iki ölkə arasında hərbi koordinasiya və qarşılıqlı fəaliyyət imkanlarının daha da gücləndirilməsinə xidmət edir.
Məqalədə həmçinin qeyd olunur ki, Ermənistanda son illərdə genişmiqyaslı hərbi təlimlər keçirilmir. Bildirilir ki, rəsmi İrəvan hərbi islahatlar çərçivəsində əsas diqqəti ayrı-ayrı bölmələrin hazırlığına yönəldib və son üç ildə böyük qoşun birləşmələrinin, zirehli texnikanın və müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən irimiqyaslı manevrlər müşahidə olunmayıb.
Qeyd edək ki, Ermənistanın hərbi hazırlığı və təlimlərinin miqyası ilə bağlı bu qiymətləndirmələr məqalədə yer alan təhlil xarakterli fikirlərdir və rəsmi qurumlar tərəfindən ayrıca təsdiqlənməyib.
