🌐 Keçmişin izi, gələcəyin sözü
18 İyul 2026, saat 11:29   •   🌡️ Bakı

Ürəyi qoruyan ən faydalı qəlyanaltılar açıqlandı – kardioloqlardan tövsiyə

Odlar.media xəbər verir ki, düzgün qidalanma ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, gündəlik əsas yeməklərlə yanaşı, qəlyanaltı seçiminə də diqqət yetirmək lazımdır.

Prevention.com saytında dərc olunan məqalədə kardioloq və diyetoloqlar ürək-damar sisteminə müsbət təsir göstərən ən faydalı qəlyanaltılar barədə məlumat veriblər.

Ekspertlərin sözlərinə görə, sağlam qəlyanaltılar zülal və lif baxımından zəngin olmalıdır. Bu qida maddələri enerji səviyyəsini qorumağa, uzun müddət toxluq hissi yaratmağa və növbəti yeməyə qədər aclığın qarşısını almağa kömək edir. Xüsusilə ürək sağlamlığını qorumaq istəyən şəxslərə bitki mənşəli zülal mənbələrinə üstünlük vermələri tövsiyə olunur.

Kardioloq, tibb elmləri doktoru Treysi Paşke bildirib ki, bitki mənşəli zülalın müntəzəm qəbulu ürək-damar xəstəlikləri və digər səbəblərdən ölüm riskinin azalması ilə əlaqələndirilir.

Onun sözlərinə görə, ürək üçün ən faydalı qəlyanaltılardan biri “edamame” adlanan tam yetişməmiş soya paxlasıdır. Həkim qeyd edib ki, dondurulmuş şəkildə satılan edamameni qısa müddətdə mikrodalğalı sobada və ya qaynadaraq hazırlamaq mümkündür. Bu məhsul həm dadlı, həm də zülal və digər faydalı maddələrlə zəngindir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 100 qram edamamedə 11,5 qram zülal və 5 qram lif mövcuddur ki, bu da uzun müddət toxluq hissinin yaranmasına kömək edir.

Diyetoloq və kardioloq Mişel Rutenşteyn isə edamamenin dadını bəyənməyənlər üçün alternativ olaraq qovrulmuş noxudu tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, qovrulmuş noxud tərkibində bitki mənşəli zülalla yanaşı, həll olunan lif, kalium, maqnezium və antioksidant polifenollar da saxlayır. Bu maddələr sağlam xolesterol səviyyəsinin qorunmasına, qan təzyiqinin tənzimlənməsinə və damar sağlamlığının dəstəklənməsinə kömək edir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 28 qramlıq qovrulmuş noxud porsiyasında təxminən 5 qram zülal və 5 qram lif var.