🌐 Keçmişin izi, gələcəyin sözü
18 İyul 2026, saat 15:03   •   🌡️ Bakı

Zelenski Volın faciəsi ilə bağlı bütün arxivlərin açılacağını açıqlayıb

Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski XX əsrdə Volın bölgəsində baş vermiş faciəli hadisələrlə bağlı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin bütün arxivlərinin ictimaiyyət üçün açılacağını bəyan edib.
Prezidentin sözlərinə görə, Ukrayna ilə Polşa arasında tarixi məsələlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılacaq. O bildirib ki, diplomatik müstəvidə yeni qərarlar qəbul ediləcək, həmçinin axtarış və ekshumasiya işlərinin aparılması üçün əlavə icazələr veriləcək.
Zelenski Polşanın Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. O vurğulayıb ki, Ukraynanın müstəqilliyinin qorunması Polşanın təhlükəsizliyi və müstəqilliyinin möhkəmləndirilməsi ilə sıx bağlıdır.
Qeyd edək ki, Volın faciəsi II Dünya müharibəsi illərində – 1943–1944-cü illərdə Volın və Şərqi Qalisiya bölgələrində baş verən qanlı hadisələrə verilən addır. Tarixçilərin qiymətləndirmələrinə görə, həmin dövrdə Ukrayna Üsyançı Ordusunun (UPA) həyata keçirdiyi hücumlar nəticəsində on minlərlə etnik polyak mülki şəxs həlak olub. Hadisələrin hüquqi və tarixi qiymətləndirilməsi isə Polşa və Ukrayna arasında bu gün də müzakirə mövzusu olaraq qalır.