Odlar.media xəbər verir ki, hər il oktyabrın 23-də Beynəlxalq Qar Bəbiri Günü qeyd olunur. Bu tarix 2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Qar Bəbirinin Qorunması üzrə Ümumdünya Forumunda təsis edilib.
2024-cü ilin dekabrında BMT Baş Assambleyası oktyabrın 23-nü rəsmi olaraq Beynəlxalq Qar Bəbiri Günü elan edib. Azərbaycan da daxil olmaqla, 61 ölkə müvafiq qətnamənin həmmüəllifi olub.
Qar bəbiri, yaxud irbis Mərkəzi Asiyanın yüksək dağlıq ərazilərində yaşayan nadir yırtıcı məməlidir. Sıx tükləri, uzun quyruğu və boz-ağ xəzindəki tünd ləkələri ilə seçilən bu heyvan sərt iqlim şəraitinə uyğunlaşıb. Ehtiyatlı davranışına görə onu nadir hallarda görmək mümkündür. Buna görə də qar bəbiri çox vaxt “dağların ruhu” adlandırılır.
Növün sayının azalmasına əsas səbəblər brakonyerlik, təbii yaşayış mühitinin daralması, otlaq sahələrinin genişləndirilməsi və iqlim dəyişiklikləridir. Qar bəbiri nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər sırasında yer alır. Onun ovlanması yaşadığı ölkələrdə qadağandır, beynəlxalq ticarəti isə CITES Konvensiyasının I əlavəsi ilə ciddi şəkildə məhdudlaşdırılır.
2013-cü ildə Bişkekdə keçirilən forumda qar bəbirinin qorunması üzrə proqram qəbul edilib. Həmin vaxtdan etibarən bu nadir heyvanın mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Beynəlxalq Qar Bəbiri Gününün əsas məqsədi nadir heyvan növünün qorunmasına diqqət çəkmək, insanların ekoloji maarifləndirilməsini artırmaq və dağ ekosistemlərinin mühafizəsinin əhəmiyyətini vurğulamaqdır.
Odlar.media