Odlar.media xəbər verir ki, deputat Elnarə Akimova Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə mümkün səfəri ilə bağlı müzakirələrə münasibət bildirib.
Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də İlham Əliyevə telefonla zəng edərək onu Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini təsdiqləyir.
Elnarə Akimovanın sözlərinə görə, hazırda səfərin baş tutmayacağını iddia etmək üçün əsas yoxdur. O vurğulayıb ki, qərar dövlət maraqları, diplomatik məsləhətləşmələr və Prezidentin siyasi gündəliyi əsasında veriləcək.
Deputat Azərbaycan-Türkiyə münasibətlərinin ayrı-ayrı hadisələr və sosial şəbəkələrdəki müzakirələr fonunda qiymətləndirilməsinin düzgün olmadığını bildirib. O, Şuşa Bəyannaməsinin iki ölkə arasında strateji müttəfiqliyin mühüm hüquqi əsası olduğunu xatırladıb.
Akimova hesab edir ki, əsas məsələ səfərin baş tutub-tutmayacağından daha çox, Azərbaycan-Türkiyə müttəfiqliyinin qorunması və daha da gücləndirilməsidir.
Odlar.media