2008-ci il idi. Bir neçə ay İngiltərədə yaşamalı oldum. Oksfordda qalırdım. Balaca, əsasən tələbələrin yaşadığı bir şəhər idi.
Bir neçə həftə bir ailədə yaşadım. Ər amerikalı, xanımı yaponiyalı idi. Səhər və axşam yeməklərində birlikdə olurduq. Qalan vaxtlarda mən dərsdə və ya kitabxanada olardım. Orada olduğum üçüncü həftə məni heyrətə gətirən bir hadisə ilə qarşılaşdım.
İngiltərədə olanlar yaxşı bilir, orada hava az qala hər saniyə dəyişir. Gur yağış yağar, bir dəqiqə sonra günəş çıxar. Həmin gecə də çöldə dəhşətli yağış yağırdı. Sanki göydən vedrə ilə su tökülürdü.
Yağışın gurultusuna qarışan dəhşətli qapı döyülməsinə oyandım. Gənc bir oğlan dayanmadan, sərt şəkildə qapını döyürdü.
Mr. Ford və xanımı isə sakitcə qapının arxasında dayanmışdılar. Arabir oğlana «Get buradan, yoxsa polis çağıracağıq» deyirdilər.
Qapının qarşısında, çiynində böyük bir çanta ilə dayanan gəncin kim olduğunu bilmək istədiyim üçün ikinci mərtəbədəki otağımdan aşağı endim.
— Qapını döyən kimdir? — deyə soruşdum.
— Oğlumdur, — dedi.
— Bəs niyə qapını açmırsınız?
Cavabı məni heyrətə gətirdi:
— O artıq 18 yaşlı gəncdir. Getsin işləsin, özünə ev tutsun.
Çaşqınlıq içində idim. Bu soyuq və yağışlı havada bir valideyn öz övladını necə küçədə qoya bilərdi? 18 yaşlı bir gənc necə təkbaşına qalmalı idi?
Mr. Ford və xanımı polisə zəng etmək qərarına gəldilər. Təsəvvür edin, valideynlər 18 yaşlı oğullarının onları narahat etdiyini əsas gətirərək öz evlərində ona sığınacaq verməmək üçün polis çağırırdılar.
Hələ də baş verənləri anlamağa çalışırdım. Birdən soruşdum:
— Yaxınlıqda gecələmək üçün bir yer varmı?
Evin iki kilometrliyində motel olduğunu, bir gecənin 20-25 funt sterlinqə başa gəldiyini dedilər.
Yuxarı qalxıb çantamdan 25 funt götürdüm.
— Bunu oğlunuza verin. Heç olmasa, bu gecə gedib bir yerdə qalsın.
Kişi az qala şoka düşdü. Məni dəli adlandırdı.
Bəli, bir cəmiyyətdə ata övladının artıq öz həyatını qurmaq yaşına çatdığını deyərək onu küçədə qoyursa, yad bir insan isə həmin gəncin gecəni küçədə keçirməməsi üçün əlindən gələni edirsə, əlbəttə, ona dəli deyəcəklər.
O gecə mənim üçün həm dəhşətli, həm də düşündürücü bir gecə oldu. Səhərə qədər doğulduğum, yaşadığım ölkəni, adət-ənənələrimizi, ailə bağlarımızı düşündüm.
Atamın, anamın, təkcə mənim valideynlərimin deyil, bütün böyüklərimizin övlad yükünü ömürlərinin sonuna qədər çiyinlərində daşımalarını düşündüm. Övladlarının səhvlərinə görə az qala dar ağacından asılan valideynləri, yaxud valideynlərinin günahına görə linç edilən övladları…
Bəs doğru olan hansıdır? Övladını 18 yaşına qədər böyüdüb sonra öz həyatını qurmağa buraxmaq, yoxsa ömrünün sonuna qədər çiyinlərində daşımaq?
İki gündür baxıram, oğluna görə deputatı sürüyür, linç edirlər. Ay dostlar, 18 yaşına qədər böyüdüb, təhsil verib, indi bu kişi ömrünün sonuna qədər oğlunun arxasınca düşməlidir?
Deyəcəksiniz, tərbiyə verməyib. Razı deyiləm. Artıq mühit, ətraf tərbiyə edir övladlarımızı. Valideyn min bir əziyyətlə, arzularla övlad böyüdür. O əziyyəti görən, o arzuları bilən övlad yetkinlik yaşına çatanda valideynini qürurlandırmaq üçün çalışmalıdır. Valideyninin adına, sanına xələl gəlməsin deyə atdığı addımlara, ətrafındakı dostların kimliyinə diqqət etməlidir!
Bu gün neçə faiz gənc, neçə övlad valideyn sözünü eşidir? Deyə bilərsiniz? Yox!
Yetkinlik yaşına çatmış övladının etdiyi hərəkətlərə görə valideyn niyə cavabdeh olmalıdır? Və ya əksinə, oğul və ya qız valideyninin etdiyi səhvə görə niyə məsuliyyət daşımalıdır?
Niyə bir ata 50 yaşlı oğlunu hələ də öz evində saxlamalı, yedirtməli, ona ev almalı, uşaqlarını dolandırmalıdır? Üstəlik, həmin oğulun etdiyi səhvə görə özü də qınanmalı, bəzən işindən olmalıdır?
Niyə? Harada bitir valideynin məsuliyyəti, harada başlayır övladın öz məsuliyyəti?
Övlad nə vaxt öz həyatına, öz qərarlarına, öz səhvlərinə görə məsuliyyət daşıyacaq? Valideyn olmaq bütün ömrü boyu övladının əvəzinə cavab verməkdirmi?
Bəli, övlad dünyaya gətirmək ömürlük məsuliyyətdir, amma bu, övladın hər səhvinə görə ömürlük cavab vermək demək deyil!
✦ Müəllif: Xoşqədəm Hidayətqızı ✦
Əməkdar jurnalist
━━━━━━━━━━━━━━━━
Mənbə: Odlar.media
━━━━━━━━━━━━━━━━