Odlar.media xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1173 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sentyabrın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 776,8 min nəfər olub.
Onlardan 834,2 min nəfəri dövlət, 942,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Beləliklə, muzdlu işçilərin 53 faizi qeyri-dövlət, 47 faizi isə dövlət sektorunun payına düşüb.
İşçilərin ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərib. Bu sahənin payı 18,9 faiz təşkil edib. Təhsil sektorunda çalışanlar 17,5 faiz, sənayedə işləyənlər 13,9 faiz, səhiyyə və sosial xidmətlər sahəsində çalışanlar isə 8,6 faiz olub.
Tikinti sahəsində işçilərin payı 6,8 faiz, dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində isə 6,2 faiz təşkil edib.
Bundan başqa, muzdlu işçilərin 4,4 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,5 faizi maliyyə və sığorta sektorunda, 2,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışıb.
Muzdla işləyənlərin qalan 15 faizi iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.
Odlar.media