XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:40 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Münasibətlərdə bağlanmanın 4 üzü: Təhlükəsiz bağlanma nədir?

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, psixoloq Almara Ağaqızı münasibətlərdə təhlükəsiz bağlanmanın, emosional yaxınlığın, qarşılıqlı etimadın və sağlam sərhədlərin əhəmiyyətindən bəhs edib.
“Münasibətlərdə bağlanmanın 4 üzü” adlı silsilənin sonuncu yazısında psixoloq təhlükəsiz bağlanmanın xüsusiyyətlərini, insanın sevgi münasibətlərində emosiyalarını necə idarə etdiyini və sağlam münasibətlərin hansı prinsiplər üzərində qurulduğunu izah edib.
Təhlükəsiz bağlanma qorxunun olmaması deyil
Təhlükəsiz bağlanma haqqında bəzən yanlış təsəvvür yaranır. Belə düşünülür ki, təhlükəsiz bağlanan insanlar qısqanmır, incimir, ayrılıqdan qorxmur və münasibətlərində heç bir problem yaşamırlar.
Əslində isə təhlükəsiz bağlanma bütün mənfi emosiyalardan azad olmaq deyil. Bu, qorxu, narahatlıq və qısqanclıq yarandıqda həmin hissləri münasibətə zərər vermədən idarə etmək bacarığıdır.
Təhlükəsiz bağlanan insan da sevdiyini itirməkdən qorxa, inciyə və qısqana bilər. Lakin bu hisslər onun münasibətə yanaşmasını tamamilə idarə etmir.
Məsələn, sevdiyiniz insan adətən gün ərzində sizinlə əlaqə saxlayır, ancaq bir gün mesajınıza beş-altı saat ərzində cavab vermir.
Təşvişli bağlanma yaşayan insan belə düşünə bilər: “Görəsən, məndən soyuyub? Niyə onlayn olduğu halda mənə yazmır?” Bu narahatlıq onu ard-arda mesajlar göndərməyə vadar edə bilər.
Qaçınan bağlanma xüsusiyyəti olan insan isə özünü qorumaq üçün “Yazmırsa, mən də yazmayacağam. Mənim heç kimə ehtiyacım yoxdur” deyə bilər.
Qorxulu-qaçınan bağlanmada insan əvvəlcə narahatlıqla yaxınlaşa, cavab almadıqda isə qəfil geri çəkilərək başqalarına etibar etməyin mümkün olmadığı qənaətinə gələ bilər.
Təhlükəsiz bağlanan insan da narahatlıq keçirə bilər. Ancaq o, dərhal ən pis ehtimalı həqiqət kimi qəbul etmir. Qarşı tərəfin cavab verməməsinin müxtəlif səbəbləri ola biləcəyini nəzərə alır və məsələni münasib vaxtda aydınlaşdırmağa çalışır.
Burada əsas fərq emosiyanı hiss etməklə həmin emosiyanın yaratdığı ilk düşüncəni fakt kimi qəbul etmək arasındadır.
Müstəqillik heç kimə ehtiyac duymamaq demək deyil
Psixoloji baxımdan sağlam müstəqillik insanın heç kimə ehtiyac duymaması anlamına gəlmir.
Təhlükəsiz bağlanan insan nə “Sənsiz yaşaya bilmərəm”, nə də “Mənə heç kim lazım deyil” düşüncəsi ilə hərəkət edir.
Onun yanaşması daha çox belədir: “Mən təkbaşına da bütöv bir insanam, amma səninlə emosional bağ qurmaqdan qorxmuram”.
Bu, psixoloji yetkinliyin mühüm göstəricilərindən biridir. İnsan yaxın münasibətdə özünü itirmir, eyni zamanda müstəqilliyini qorumaq adı ilə emosional divarlar da qurmur.
Sağlam münasibətdə iki insan bir-birinə dəstək olur, ancaq hər biri öz şəxsiyyətini, maraqlarını və şəxsi sərhədlərini qoruyub saxlaya bilir.
Mübahisələr zamanı bağlanma tərzi daha aydın görünür
Münasibətin keyfiyyətini yalnız xoşbəxt və sakit günlərə əsasən qiymətləndirmək düzgün deyil. İnsanların bağlanma xüsusiyyətləri xüsusilə münaqişə, emosional məsafə və qeyri-müəyyənlik zamanı üzə çıxır.
Məsələn, cütlük arasında mübahisə baş verir.
Təşvişli bağlanan tərəf “İndi danışmalıyıq. Məni belə qoyub gedə bilməzsən!” deyərək dərhal məsələni həll etməyə çalışa bilər.
Qaçınan bağlanma xüsusiyyəti olan insan isə “Mən bu barədə danışmaq istəmirəm” deyərək söhbətdən tamamilə uzaqlaşa bilər.
Təhlükəsiz bağlanan insan fərqli yanaşma nümayiş etdirir: “Hazırda ikimiz də əsəbiyik. Bir az sakitləşək, amma bu mövzunu yarımçıq qoymayaq. Axşam danışaq”.
Bu yanaşmada üç mühüm bacarıq birləşir: emosiyaları tənzimləmək, şəxsi sərhədləri qorumaq və münasibətdə yaranan problemi həll etməkdən yayınmamaq.
İnsan həmin anda danışmağa hazır olmadığını bildirir, lakin bu, qarşı tərəfi və ya problemi yox saydığı mənasına gəlmir. Əksinə, söhbətin daha sakit şəraitdə davam etməsinə imkan yaradır.
Təhlükəsiz münasibətdə sevgi daim sübut edilməli deyil
Təşvişli bağlanma yaşayan insan bəzən sevgini davamlı şəkildə yoxlamağa ehtiyac duyur. “Məni nə qədər sevirsən?”, “Əvvəlki kimi sevirsən?”, “Məni itirsən, darıxarsan?” kimi suallar münasibətdə tez-tez təkrarlana bilər.
Təhlükəsiz bağlanmada isə sevginin hər gün sınaqdan keçirilməsinə ehtiyac azalır. Çünki insan qarşı tərəfin davranışlarında ardıcıllıq və etibarlılıq görür.
Sağlam münasibətdə tərəflər yalnız sözlərlə deyil, gündəlik davranışları ilə də bir-birinə güvən verirlər. Verilən sözlərin tutulması, qarşılıqlı diqqət, hörmət və çətin anlarda bir-birinin yanında olmaq emosional təhlükəsizliyin formalaşmasına kömək edir.
İnsan münasibətdə daim qarşı tərəfin sevgisini ölçməklə məşğul olmadıqda, həmin sevgini yaşamaq və münasibəti inkişaf etdirmək üçün daha çox emosional imkan əldə edir.
Sağlam sərhədlər sevgisizlik deyil
Təhlükəsiz bağlanmanın mühüm xüsusiyyətlərindən biri də qarşı tərəfin “yox” cavabını münasibətin sonu kimi qəbul etməməkdir.
Məsələn, qadın axşam partnyoru ilə görüşmək istəyir. Qarşı tərəf isə yorğun olduğunu bildirərək görüşü növbəti günə təklif edir.
Təşvişli bağlanan insan bu cavabı “Məni görmək istəmir” kimi anlaya bilər. Qaçınan insan isə “Yaxşı, onda ümumiyyətlə görüşməyək” deyərək emosional məsafə yarada bilər.
Təhlükəsiz bağlanan insan məyus olsa da, qarşı tərəfin istəyinə və sərhədinə hörmət göstərməyi bacarır. O, bir görüşdən imtina edilməsini özünə və ya sevgisinə qarşı rədd cavabı kimi qəbul etməyə məcbur deyil.
Burada əsas məqam budur: mənim istəyimə yox deyilməsi, mütləq mənə yox deyilməsi demək deyil.
Sağlam münasibətdə iki insanın bütün istəklərinin üst-üstə düşməsi vacib deyil. Əsas məsələ fərqliliklərin münasibət üçün təhlükəyə çevrilməməsi, tərəflərin bir-birinin ehtiyaclarını və sərhədlərini nəzərə almasıdır.
Təhlükəsiz bağlanan insan qısqana bilərmi?
Bəli. Təhlükəsiz bağlanma insanı qısqanclıqdan və digər mənfi emosiyalardan tamamilə azad etmir.
Məsələn, insan partnyorunun başqa biri ilə həddindən artıq səmimi davranmasından narahat ola bilər. Lakin belə vəziyyətdə dərhal telefonunu yoxlamaq, gizli araşdırma aparmaq və ya qarşı tərəfi cəzalandırmaq əvəzinə öz hisslərini ifadə etməyə çalışa bilər.
“Bu vəziyyət məni narahat etdi. Səni ittiham etmək istəmirəm, amma bunun haqqında danışmaq istəyirəm” yanaşması hissləri daha sağlam şəkildə bölüşməyə imkan verir.
Burada insan qarşı tərəfi bütün emosiyalarına görə günahlandırmaq əvəzinə, öz hisslərini tanıyır və onları açıq şəkildə ifadə edir.
Bu, münasibətdə emosional məsuliyyətin mühüm hissəsidir. Narahatlığı gizlətmək də, həmin narahatlıq əsasında qarşı tərəfi ittiham etmək də yeganə seçim deyil. İnsan hisslərini hörmət çərçivəsində bölüşərək problemin həllinə çalışa bilər.
Təhlükəsiz bağlanma necə formalaşır?
Bağlanma nəzəriyyəsinə görə, uşağın ehtiyaclarına həssas, ardıcıl və əlçatan münasibət göstərilməsi təhlükəsiz bağlanmanın inkişafında mühüm amillərdəndir.
Uşaq zamanla belə bir daxili inam formalaşdıra bilər: ehtiyacım olduqda yaxınlıq axtara bilərəm, qarşımdakı insan mənə dəstək göstərə bilər və hisslərim qəbul oluna bilər.
Bununla belə, bağlanma tərzini yalnız uşaqlıq təcrübələri ilə məhdudlaşdırmaq düzgün deyil.
Yetkinlik dövründə etibarlı münasibətlər, özünüdərk, emosiyaları tənzimləmək bacarığının inkişafı və psixoterapiya insanın daha təhlükəsiz bağlanma xüsusiyyətləri qazanmasına kömək edə bilər.
Uşaqlıqda təşvişli və ya qaçınan bağlanma xüsusiyyətlərinin formalaşması insanın ömrü boyu eyni münasibət modelində qalacağı demək deyil. İnsan öz davranışlarını tanımağı, emosional reaksiyalarını anlamağı və münasibətlərdə daha sağlam ünsiyyət qurmağı öyrənə bilər.
Sağlam sevgi bəzən niyə darıxdırıcı görünür?
Münasibətlərdə diqqət çəkən məqamlardan biri də budur ki, uzun müddət qeyri-sabit münasibətlər yaşamış insan üçün təhlükəsiz münasibət başlanğıcda darıxdırıcı görünə bilər.
Çünki belə münasibətdə insan daim “Görəsən, yazacaq?”, “Məni tərk edəcək?”, “Məni həqiqətən istəyirmi?”, “Bu gün niyə dəyişdi?” kimi suallarla yaşamaq məcburiyyətində qalmır.
Bəzən insan qeyri-müəyyənliyin yaratdığı həyəcanı və emosional gərginliyi sevgi ilə səhv sala bilər. Münasibətdəki davamlı yüksəliş və enişlər güclü hisslər kimi qəbul edilə bilər.
Halbuki münasibətin sakit olması hisslərin zəif olduğu anlamına gəlmir. Sevgi həmişə gərginlik, qeyri-müəyyənlik və emosional sarsıntılarla müşayiət olunmalı deyil.
Bəzən sağlam sevgi proqnozlaşdırılandır, etibarlıdır və ardıcıldır. İnsan sabah qarşı tərəfin münasibətinin qəfil dəyişəcəyindən daim qorxmur.
Emosional təhlükəsizliyin mühüm göstəricilərindən biri də məhz budur: münasibətdə özünü rahat hiss etmək, qarşı tərəfə güvənmək və hər an sevgini itirmək təhlükəsi ilə yaşamadığını bilmək.
Dörd bağlanma tərzi arasındakı əsas fərqlər
Bağlanma nümunələrini qısa şəkildə belə müqayisə etmək olar:
Təşvişli bağlanma: “Məni tərk etmə”.
Qaçınan bağlanma: “Mənə çox yaxınlaşma”.
Qorxulu-qaçınan bağlanma: “Məni tərk etmə, amma mənə çox yaxınlaşsan, qorxaram”.
Təhlükəsiz bağlanma: “Sənə yaxın ola bilərəm və yenə də özüm olaraq qala bilərəm”.
Bu yanaşmalar insanların münasibətlərdə yaxınlığa, ayrılıq ehtimalına və emosional qeyri-müəyyənliyə necə reaksiya verdiklərini anlamağa kömək edir. Bununla belə, hər bir insanı yalnız bir bağlanma nümunəsi ilə izah etmək düzgün olmaz. İnsanların davranışları münasibətə və yaşadıqları təcrübələrə görə dəyişə bilər.
Təhlükəsiz bağlanma mükəmməl münasibət demək deyil
Təhlükəsiz bağlanma münaqişəsiz və problemsiz münasibət yaratmır. İnsanlar yenə mübahisə edə, inciyə, qısqana və bəzən bir-birindən uzaqlaşmağa ehtiyac duya bilərlər.
Əsas fərq ondadır ki, hər münaqişə ayrılıq təhlükəsinə, hər məsafə sevgisizliyə, hər sərhəd isə rədd edilməyə çevrilmir.
Sağlam münasibətdə insan hisslərini ifadə edə, ehtiyaclarını bildirə, qarşı tərəfin sərhədlərinə hörmət göstərə və eyni zamanda öz şəxsiyyətini qoruya bilir.
Psixoloq Almara Ağaqızının yanaşmasına görə, təhlükəsiz bağlanmanın mahiyyəti insanın həm başqasına yaxın ola bilməsi, həm də özünə sadiq qalmasıdır.
Sağlam sevgi insanı daim özünü sübut etməyə məcbur etmir. Əksinə, insana sevilə, danışa, sərhəd qoya və yaxınlıq qura biləcəyi təhlükəsiz münasibət mühiti yaradır.

 

Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)

Mənbə: Odlar.media

Etiketlər: