Odlar.media xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-2-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının VII Konqresində iştirak edib.
“Rəqəmsallaşma və süni intellekt şəraitində konstitusiya ədalət mühakiməsi” mövzusuna həsr olunan konqresin açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tədbir iştirakçılarına ünvanladığı məktub səsləndirilib.
Tədbirin praktiki hissəsində Assosiasiyanın fəaliyyəti ilə bağlı müxtəlif məsələlər müzakirə olunub, hesabatlar dinlənilib. Həmçinin qurumun genişləndirilməsi, konstitusiya ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və Səmərqənd Bəyannaməsinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Plenar iclaslarda rəqəmsallaşma və süni intellekt şəraitində konstitusiya ədalət mühakiməsinin qarşısında duran məsələlər müzakirə edilib. Süni intellektin konstitusiya nəzarətində tətbiqi, bu texnologiyaların hüquqi hüdudları, insan hüquq və azadlıqlarının, hüququn aliliyinin və hakimlərin müstəqilliyinin təmin olunması ilə bağlı məsələlərə diqqət yetirilib.
Konqresdə Fərhad Abdullayev “Məhkəmə aktlarının, o cümlədən Konstitusiya Məhkəməsi qərarlarının hazırlanmasında analitik alət kimi süni intellektin tətbiqi hədləri” mövzusunda məruzə ilə çıxış edib.
Səfər çərçivəsində Azərbaycan Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransına (TÜRK-AY) üzv olan konstitusiya məhkəmələrinin işçi iclası da keçirilib. İclasda üzv məhkəmələr arasında əməkdaşlığın inkişaf perspektivləri və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Bundan başqa, Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə Özbəkistan Konstitusiya Məhkəməsinin sədri Mirza-Uluqbek Abdusalomovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığının inkişaf etdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Konqresin yekununda Səmərqənd Bəyannaməsi qəbul olunub.
Odlar.media