Odlar.media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında iştirak edib.
O, oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultay önündə jurnalistlərin kameralarına tuş gəlib. Məlumata görə, sabiq mer jurnalistlərin suallarını cavablandırmayıb və daha sonra avtomobilinə minərək ərazidən uzaqlaşıb.
Hacıbala Abutalıbov uzun müddət YAP rəhbərliyində təmsil olunub. 2021-ci ildə partiyanın İdarə Heyətindən kənarlaşdırıldıqdan sonra YAP Veteranlar Şurasına üzv seçilib. Partiyanın rəsmi saytında da onun Veteranlar Şurasının üzvləri sırasında adı yer alır.
Abutalıbov 1995-2000-ci illərdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, 2000-2001-ci illərdə Baş nazirin müavini vəzifəsində çalışıb. 2001-ci ilin yanvarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və 2018-ci il aprelin 21-dək bu vəzifədə fəaliyyət göstərib.
2018-ci il aprelin 21-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunan Hacıbala Abutalıbov 2019-cu il oktyabrın 21-də bu vəzifədən də azad edilib.
Qeyd edək ki, YAP-ın VIII Qurultayı oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilir. Qurultaya partiyanın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilib.
Odlar.media