Odlar.media xəbər verir ki, İran tərəfindən Hörmüz boğazında gəmiçiliyi izləmək məqsədilə yaradılan Körfəz İşləri İdarəsi BƏƏ-yə məxsus və ya bu ölkə tərəfindən çarterə götürülmüş üç tanker barədə məlumat yayıb.
Qurumun açıqlamasına görə, “AL-RUWAIS”, “SINBAD” və “MERSIN PROSPERITY” adlı gəmilər son iki ay ərzində bir neçə dəfə Hörmüz boğazından keçməyə cəhd edib.
Bildirilib ki, sözügedən üç tanker boğazda naviqasiya qaydalarını pozan gəmilərin yenilənmiş siyahısına daxil edilib. Agentlik aparılan araşdırmanın həmin gəmilərin qayda pozuntularını təsdiqlədiyini iddia edir.
Məlumata görə, siyahıya daxil edilən gəmilər sonrakı keçidlər zamanı müxtəlif məhdudiyyətlərlə üzləşə bilər. Bu tədbirlər cərimə, saxlanılma və hətta müsadirəni əhatə edir.
Bəyanatda tankerlərin hansı konkret qaydaları pozduğu, hadisələrin nə vaxt baş verdiyi və gəmilərə hansı silahlarla hücum edildiyi açıqlanmayıb. Hücumların kim tərəfindən həyata keçirildiyi barədə də məlumat verilməyib. Eyni zamanda, hər hansı itki və ya yanacaq sızması barədə məlumat yoxdur.
Hesabatda hadisələr zamanı tankerlərin hansı ölkənin bayrağı altında üzdüyü də qeyd edilməyib.
Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyır. Fars körfəzindən neft və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsi bu marşrut vasitəsilə daşınır. Boğazda gəmiçiliyə tətbiq edilən məhdudiyyətlər sığorta xərclərinə və tanker marşrutlarına təsir göstərə bilər.
İran daha əvvəl də dəniz qanunlarının pozulması iddiası ilə xarici gəmiləri saxlayıb. Regional ölkələr və beynəlxalq gəmiçilik şirkətləri isə Hörmüz boğazında kommersiya daşımaları üçün risklərin artdığını bildiriblər.
Odlar.media