Odlar.media xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş aparıcısı, 85 yaşlı Müslümət Rzaxanova artıq üç ildir Bilgəhdə yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsində (“Qocalar evi”) yaşayır.
Uzun illər AzTV-də çalışan M.Rzaxanova 46 il Dövlət Televiziyasında fəaliyyət göstərib. O, vaxtilə efirə gedən məşhur “Qitələr, hadisələr” verilişinin aparıcısı olub.
Müslümət Rzaxanovanın oğlu Şakir Rzaxanov ömürlük azadlıqdan məhrum edilib. Ana isə oğlunun günahsız olduğunu düşünür.
M.Rzaxanova “Qocalar evi”nə yerləşdirilməzdən əvvəl Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi adlı təşkilat yaradaraq ona rəhbərlik edib. Onun sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi qurum ömürlük məhbuslarla bağlı məsələlərə operativ reaksiya verir və bu problemləri ictimailəşdirirdi.
Keçmiş aparıcı bildirib ki, oğlu artıq 32 ildir həbsdədir. Şakir Rzaxanov 1996-cı ildə qəsdən adam öldürmə ittihamı ilə ölüm hökmünə məhkum edilib. Sonradan ölüm hökmü ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
M.Rzaxanova 2018-ci ildə verdiyi açıqlamasında oğlunun cinayəti etiraf etmədiyini və haqsız yerə həbs olunduğunu iddia etmişdi.
Onun sözlərinə görə, oğlu həbs olunduqdan sonra gəlini boşanıb. Bundan sonra M.Rzaxanova nəvələrini böyüdüb.
İllər keçdikdən sonra birgə yaşadığı qızı və nəvələri ilə münasibətlərinin pisləşdiyini deyən M.Rzaxanova onların onu məhkəməyə verdiyini və adını evin qeydiyyatından çıxardıqlarını bildirib.
Keçmiş aparıcı qeyd edib ki, “Qocalar evi”nə öz istəyi ilə yerləşib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib ki, 2026-cı ilin ilk səkkiz ayı ərzində ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 42 nəfər qəbul edilib. Onlardan 18-i qadın, 24-ü isə kişidir.
Hazırda müəssisədə 213 ahıl şəxsin dövlət himayəsində yaşadığı açıqlanıb. Onlardan 109-u kişi, 104-ü qadındır.
Odlar.media