Odlar.media xəbər verir ki, oktyabrın 3-də Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi, bir sıra ərazilərdə leysan xarakterli intensiv yağış, şimşək, dolu və dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacaq. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, gecə və səhər saatlarında yağıntının güclü olacağı ehtimal edilir. Güclü şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-15°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqinin 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 80-90 faiz təşkil edəcəyi bildirilir.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcəyi bildirilir.
Küləyin mülayim qərb istiqamətli olacağı, bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.
Rayonlarda havanın temperaturu gecə 12-16°, gündüz 16-20° isti olacaq. Dağlıq ərazilərdə gecə 2-5°, gündüz isə 5-8° isti təşkil edəcək.
Odlar.media