Odlar.media xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniyanın Konrad Adenauer Fondunun Tbilisidəki ofisinin fəaliyyətini dayandırmasına münasibət bildirib.
Papuaşvilinin sözlərinə görə, Gürcüstan hökuməti fonda fəaliyyət istiqamətləri arasından siyasi layihələri çıxarmağı təklif edib. Parlament sədri təşkilatın ölkədə qeyri-siyasi fəaliyyətlə maraqlanmadığını bildirib.
“Xarici partiya və fondların Gürcüstanda yerinə yetirməli olduğu hər hansı siyasi missiya yoxdur. Təsəvvür edin ki, “Gürcü Arzusu” Almaniyada siyasi fəaliyyət göstərməyə başlayıb. Almaniya hakimiyyətinin “Gürcü Arzusu”na Berlində və ya istənilən digər şəhərdə siyasi missiya həyata keçirməyə icazə verəcəyinə çox şübhə edirəm”, – deyə Papuaşvili vurğulayıb.
O, həmçinin Gürcüstanda donor fəaliyyəti ilə məşğul olan təşkilatlara ictimai etimadın azaldığını iddia edib. Papuaşvili xarici maliyyələşmənin ölkədə radikal siyasi gündəliyin təşviqinə yönəldildiyini bildirib.
Qeyd edək ki, Almaniyanın Xristian-Demokratik İttifaqı ilə sıx əlaqələri olan Konrad Adenauer Fondu Tbilisidəki ofisinin bağlanmasını Gürcüstan hökumətinin müəyyən etdiyi siyasi və hüquqi mühitlə əlaqələndirib.
Odlar.media