Odlar.media xəbər verir ki, burun tutulması hər zaman soyuqdəymə və ya allergiya ilə əlaqəli olmaya bilər. Həkim Rive Barbur bu problemin arxasında dayana biləcək digər mümkün səbəblər barədə danışıb.
Həkimin sözlərinə görə, burun tutulmasına səbəb evdə yaranan kif də ola bilər. Kif sporlarının havaya yayılması burunətrafı ciblərin və boğazın selikli qişasını qıcıqlandıra bilər.
Barburun sözlərinə görə, kiflə uzunmüddətli təmas bəzi insanlarda yorğunluq, diqqət və düşüncə bulanıqlığı, əzələ və oynaq ağrıları, eləcə də yuxu pozğunluğu kimi şikayətlərlə müşayiət oluna bilər.
Həkim evdə kif aşkarlandığı təqdirdə onun mənbəyinin aradan qaldırılması üçün tədbirlər görülməsini və yaranan sağlamlıq problemləri ilə bağlı həkimə müraciət edilməsini tövsiyə edib.
Terapevt burun tutulmasının digər mümkün səbəblərindən biri kimi bağırsaq mikroflorasında balanssızlığı da qeyd edib. Onun sözlərinə görə, stress, qeyri-düzgün qidalanma və antibiotiklərin qəbulu faydalı bakteriyaların azalmasına və bağırsaq mikrobiotasında dəyişikliklərə səbəb ola bilər.
Bu vəziyyətin burun tutulması ilə yanaşı qarında köp, ağızdan xoşagəlməz qoxu və şirniyyata güclü istəklə müşayiət oluna biləcəyi bildirilib.
Həkim belə hallarda süd məhsulları, rafinə olunmuş şəkər, qırmızı ət, qlüten və alkoqolun qəbulunun azaldılmasını və ya dayandırılmasını tövsiyə edib.
Qeyd edək ki, burun tutulmasının səbəbləri müxtəlif ola bilər və davamlı və ya təkrarlanan simptomlar zamanı səbəbin dəqiq müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək tövsiyə olunur.
Odlar.media