Odlar.media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi və AMEA ilə əməkdaşlıq çərçivəsində hazırlanaraq nəşr olunan iki kitabın təqdimat mərasimi keçirilib.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun müəllifi olduğu “Azərbaycan irsi UNESCO siyahılarında” və “Gəncə xanlığı: sikkə zərbi və pul dövriyyəsi” kitabları ictimaiyyətə təqdim olunub.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-UNESCO əlaqələrinin inkişafından danışıb. O, təqdim olunan nəşrlərin elmi, tarixi və mədəni əhəmiyyətini vurğulayıb.
Akademik İsa Həbibbəyli bildirib ki, “Azərbaycan irsi UNESCO siyahılarında” kitabında ölkəmizin UNESCO tərəfindən tanınan irs nümunələri, onların beynəlxalq səviyyədə tanınma prosesi, müvafiq rəsmi sertifikatlar və fotoşəkillər əks olunub. Onun sözlərinə görə, nəşr tədqiqatçılar, mədəniyyət və irs sahəsində çalışan mütəxəssislər, diplomatlar və tələbələr üçün faydalı mənbədir.
AMEA rəhbəri “Gəncə xanlığı: sikkə zərbi və pul dövriyyəsi” kitabının da elmi əhəmiyyətini qeyd edib. Bildirib ki, əsərdə Gəncə xanlığının numizmatik tarixi, Cavad xan dövrünün xüsusiyyətləri, regionun iqtisadi və mədəni mənzərəsi elmi əsaslarla araşdırılıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elman Abdullayev isə çıxışında Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın nəticələrindən danışıb. O, Azərbaycanın zəngin irsinin UNESCO-nun müxtəlif irs siyahılarında təmsil olunduğunu diqqətə çatdırıb.
Elman Abdullayev həmçinin Xurşidbanu Natəvanın 1886-cı ilə aid “Gül dəftəri” illüstrasiyalı şeirlər albomunun UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə kimi qeyd edib.
Baş katib təqdim olunan kitabların Azərbaycan və ingilis dillərində nəşr edildiyini bildirib. Onun sözlərinə görə, gələcəkdə nəşrlərin ərəb, rus və digər dillərə tərcümə olunması onların beynəlxalq auditoriyaya çatdırılmasına imkan verə bilər.
Təqdimat mərasimində çıxış edən Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri, nəşrin layihə rəhbəri Seymur Fətəliyev kitabların beynəlxalq miqyasda yayılması istiqamətində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, nəşrlər artıq Meksika və Perunun Milli Kitabxanalarına, həmçinin hər iki ölkənin xarici işlər nazirliklərinin rəsmi arxivlərinə təqdim olunub. Səfir kitabların ispan dilində nəşrinin də Azərbaycanın tarixi və mədəni irsinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Seymur Fətəliyev “Azərbaycan irsi UNESCO siyahılarında” kitabının Azərbaycanın UNESCO irsinin vahid nəşrdə sistemli şəkildə təqdim edilməsi baxımından əhəmiyyətini vurğulayıb və kitabın gələcəkdə ikinci cildinin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə təqdim olunan nəşrləri Azərbaycanın tarixinin, dövlətçilik ənənələrinin və mədəni irsinin sənədləşdirilməsi baxımından mühüm istinad mənbələri kimi xarakterizə edib.
Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev də çıxış edib. O, “Azərbaycan irsi UNESCO siyahılarında” kitabının ölkənin tarixi, mədəni, təbii və qeyri-maddi irsini vahid mənbədə topladığını bildirib.
Akademik Şahin Mustafayev “Gəncə xanlığı: sikkə zərbi və pul dövriyyəsi” əsərinin Azərbaycan xanlıqları dövrünün tarixinin və numizmatikasının öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.
Təqdimat mərasimində AMEA-nın və digər dövlət və elmi qurumların nümayəndələri, alimlər, deputatlar və mədəniyyət xadimləri də iştirak ediblər. Çıxışlarda nəşrlərin Azərbaycanın zəngin tarixi-mədəni irsinin, eləcə də Gəncə xanlığının dövlətçilik və numizmatika tarixinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verə biləcəyi bildirilib.
Sonda kitabların müəllifi, Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanov tədbirin təşkilində iştirak edən qurumlara və mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Odlar.media