Odlar.media xəbər verir ki, Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya səfər edib.
Sentyabrın 24-26-da keçirilən yarışlar çərçivəsində Bakıda 5 gün qalan Tamazyan səfəri ilə bağlı “Instagram” hesabında paylaşımlar edib və təəssüratlarını bölüşüb.
O bildirib ki, səfərdən əvvəl Azərbaycana gəlməklə bağlı müəyyən narahatlıqları olub. Bu səbəbdən müxtəlif rəsmi qurumlara müraciət edərək səfərinin təhlükəsizliyi ilə bağlı məlumat alıb.
“Bütün mümkün xidmətlərə yazmaq qərarına gəldim və hamısı mənə cavab verdi: əlbəttə ki, sizi gözləyirik, gəlin, heç bir problem yaşanmayacaq”, – deyə Tamazyan bildirib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində gözlədiyindən daha rahat qarşılanıb:
“Hava limanına çatanda şokda idim. Sərhədçilər bizi çağırdılar, baş zabiti dəvət etdilər. O, sadəcə harada qalacağımızı soruşdu və vəssalam. Bu, cəmi beş dəqiqə vaxtımızı aldı”.
Tamazyan Bakıda qaldığı müddətdə mehmanxanada, taksidə və şəhərin müxtəlif yerlərində erməni soyadlarına rast gəldiyini, lakin heç bir mənfi münasibətlə qarşılaşmadığını qeyd edib.
Turist səfəri zamanı Bakıda yerləşən Zəfər Parkını da ziyarət edib. O bildirib ki, Azərbaycana səfər zamanı yaşadığı şəxsi təcrübə ölkəyə gəlməzdən əvvəl onda yaranmış narahatlıqları dəyişib.
Odlar.media