XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycan beynəlxalq investisiya xəritəsində yeni mərhələyə qədəm qoyur

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, 26 sentyabr 2026-cı ildə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirə yalnız növbəti beynəlxalq iqtisadi toplantı kimi yanaşmaq düzgün olmazdı. Forum Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolunun nəticələrinin təqdim olunması ilə yanaşı, ölkənin qarşıdakı mərhələdə özünü hansı iqtisadi və geoiqtisadi mövqedə görmək istədiyini nümayiş etdirən mühüm platforma oldu.
Prezident İlham Əliyevin investorlar qarşısında səsləndirdiyi fikirlərdə diqqəti çəkən əsas məqamlardan biri Azərbaycanın artıq yalnız təbii sərvətlərinə əsaslanan investisiya məkanı kimi təqdim edilməməsidir. Enerji sektoru ölkə iqtisadiyyatında mühüm rolunu qoruyub saxlayır. Bununla yanaşı, qarşıda duran əsas vəzifələrdən biri enerji imkanlarından əldə olunan resurslardan istifadə etməklə daha çoxşaxəli, texnoloji və dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır.
Bu baxımdan qeyri-neft-qaz sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadiyyatında bu sektorun payının artması ölkənin inkişaf modelində struktur dəyişikliklərinin baş verdiyini göstərir. Bununla belə, ixrac strukturunda enerji resurslarının əhəmiyyətli paya malik olması qeyri-neft ixracının genişləndirilməsini qarşıdakı dövrün əsas iqtisadi vəzifələrindən birinə çevirir.
Forumun diqqətçəkən mesajlarından biri də investisiyaya yanaşmanın dəyişən məzmunu ilə bağlıdır. Müasir investor üçün yalnız kapital qoyuluşunun təhlükəsizliyi deyil, investisiyanın gətirdiyi texnologiya, idarəetmə təcrübəsi, yeni bazarlar və insan kapitalının inkişafına verdiyi töhfə də mühüm əhəmiyyət daşıyır. Azərbaycanın xarici tərəfdaşlardan yalnız maliyyə deyil, eyni zamanda texnologiya, bilik və təcrübə gözləməsi yeni iqtisadi mərhələnin mühüm xüsusiyyətlərindən biridir.
Azərbaycanın siyasi və iqtisadi sabitliyinin investorlar üçün əsas üstünlüklərdən biri kimi təqdim edilməsi də təsadüfi deyil. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artdığı, müxtəlif regionlarda siyasi və hərbi risklərin yüksəldiyi bir dövrdə sabitlik və proqnozlaşdırıla bilənlik investisiya qərarlarında mühüm amilə çevrilir.
Azərbaycanın coğrafi mövqeyi də bu imkanları tamamlayan əsas üstünlüklərdən biridir. Ölkənin Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin mühüm istiqamətlərindən birində yerləşməsi, Orta Dəhlizin inkişafı, nəqliyyat infrastrukturunun genişləndirilməsi və regional bağlantıların gücləndirilməsi Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, onu müxtəlif iqtisadi layihələrin kəsişmə nöqtələrindən birinə çevirə bilər.
Qlobal təchizat zəncirlərinin və nəqliyyat marşrutlarının yenidən formalaşdığı indiki şəraitdə alternativ və təhlükəsiz bağlantı imkanlarına malik ölkələrin əhəmiyyəti artır. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri isə bu coğrafi üstünlüyü davamlı iqtisadi dəyərə çevirməkdir.
Prezident İlham Əliyevin xarici şirkətlərin Azərbaycanda ofislər açması və ölkədə daha fəal iştirak etməsi ilə bağlı fikirləri də bu baxımdan diqqət çəkir. İnvestorun Azərbaycanda yalnız konkret layihəyə maliyyə yatırması ilə uzunmüddətli tərəfdaş kimi fəaliyyət göstərməsi arasında mühüm fərq var. Yerli iqtisadi mühitə daha dərindən inteqrasiya edən şirkətlər texnologiya transferi, idarəetmə təcrübəsi və insan kapitalının inkişafına daha geniş töhfə verə bilər.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajlarından biri də Azərbaycanın özünü yalnız sərmayəyə ehtiyacı olan ölkə kimi deyil, beynəlxalq kapital üçün konkret imkanlar və tərəfdaşlıq perspektivləri təqdim edən ölkə kimi mövqeləndirməsidir. Bu yanaşmanın arxasında son onilliklər ərzində formalaşmış iqtisadi potensial, maliyyə imkanları, infrastruktur və əlverişli regional mövqe dayanır.
Forum eyni zamanda Azərbaycanın öz inkişaf modelini beynəlxalq investorların diqqətinə çatdırması üçün mühüm platforma rolunu oynadı. Prezidentin də vurğuladığı kimi, ölkə haqqında obyektiv təsəvvürün formalaşması yalnız rəsmi məlumatlarla məhdudlaşmır. Azərbaycanı yerində görmək, burada fəaliyyət göstərən şirkətlərin və insanların təcrübəsi ilə tanış olmaq da ölkənin investisiya imkanlarının daha yaxından dərk edilməsinə şərait yaradır.
Nəticə etibarilə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin növbəti inkişaf mərhələsində qarşıya qoyduğu iqtisadi prioritetlərin beynəlxalq investorlarla müzakirəsi baxımından əhəmiyyətli platforma kimi yadda qaldı. Qeyri-neft sektorunun genişləndirilməsi, texnologiya və bilik transferinin gücləndirilməsi, nəqliyyat-logistika imkanlarının iqtisadi dəyərə çevrilməsi və xarici şirkətlərlə uzunmüddətli tərəfdaşlığın inkişaf etdirilməsi Azərbaycanın qarşıdakı dövr üçün diqqət mərkəzində saxladığı istiqamətlər sırasındadır.

Əminə Ağazadə
Milli Məclisin deputatı
Odlar.media 

Etiketlər: