Odlar.media xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” 17,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac İcmalı”nın sentyabr sayında məlumat verilib.
Hesabat dövründə “Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50% artıb.
Qeyd olunan dövrdə Azərbaycan peyk telekommunikasiya xidmətlərini 36 ölkədən təxminən 95 şirkətə ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə xidmətlərin ixrac edildiyi ölkələrin sayı 5 vahid azalıb.
Peyk telekommunikasiya xidmətlərinin əsas ixrac istiqamətləri Böyük Britaniya – 2,8 milyon ABŞ dolları, Lüksemburq – 2,1 milyon dollar, Türkiyə – 874,7 min dollar, Pakistan – 776,5 min dollar və Tanzaniya – 437,2 min dollar olub.
Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin qurumun ümumi gəlirlərindəki payı isə 66%-dən 61%-ə enib.
Təkcə avqust ayında “Azərkosmos” 2,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu göstərici illik müqayisədə təxminən 47% çoxdur.
Odlar.media