Odlar.media xəbər verir ki, Bakıda Şah İsmayıl Xətainin heykəli ilə bağlı diqqətçəkən məqam sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Jurnalist Sənan Nəcəfov heykəlin üzərində yerləşən metal lövhənin fotoşəkillərini paylaşaraq oradakı yazıya diqqət çəkib.
Onun sözlərinə görə, üzərində “Şah İsmayıl” yazılan, kənarları ornamentlərlə bəzədilmiş lövhənin aşağı hissəsində kiçik hərflərlə “Nəvəm İsmayıl Atakuşevə həsr olunur – İbrahim Zeynalov” ifadəsi yer alır.
Məlumata görə, sözügedən abidənin heykəltəraşları İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P. Hüseynov və Q. Əliyevdir. Abidə 1993-cü ildə Bakıda ucaldılıb.
Sənan Nəcəfov bununla bağlı sual qaldıraraq dövlət vəsaiti hesabına yaradılan monumental abidədə müəllifin şəxsi ailə üzvünün xatirəsinin qeyd edilməsinin hüquqi və etik baxımdan nə dərəcədə düzgün olduğunu soruşub.
Məsələ ilə bağlı mövcud qanunvericiliyə nəzər saldıqda isə konkret bir məqam diqqət çəkir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərindən onların tarixi və bədii təyinatına uyğun istifadə olunması təmin edilməlidir. Qanunda monumental abidələr də daşınmaz mədəni irs nümunələri sırasında göstərilir.
Eyni zamanda, “Memarlıq fəaliyyəti haqqında” qanun memarlıq obyektlərinə xatirə abidələri və onların komplekslərini də aid edir və dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin yenidən qurulması, bərpası və təmirinin qanunvericiliyə uyğun aparılmasını nəzərdə tutur.
Lakin apardığımız araşdırmada məhz monumental abidənin üzərində müəllifin öz ailə üzvünün, o cümlədən nəvəsinin adını qeyd etməsini ayrıca qadağan edən və ya buna görə xüsusi icazə tələb edən konkret norma müəyyən edilmədi.
Bu baxımdan məsələnin hüquqi qiymətləndirilməsi üçün əsas sual həmin yazının abidənin ilkin layihəsinin və təsdiq edilmiş kompozisiyasının tərkib hissəsi olub-olmamasıdır. Əgər yazı sonradan, layihə və qəbul sənədlərindən kənar şəkildə əlavə edilibsə, onun abidənin tarixi-bədii təyinatına və təsdiq edilmiş layihəyə uyğunluğu ayrıca araşdırılmalıdır.
Burada başqa bir məsələ də ortaya çıxır: ictimai əhəmiyyət daşıyan və tarixi şəxsiyyətə həsr olunan monumental abidənin üzərində şəxsi xatirənin əks etdirilməsi nə dərəcədə məqsədəuyğundur?
Bu suala isə artıq təkcə hüquqi deyil, həm də peşə etikası, abidənin bədii konsepsiyası və ictimai məkanın istifadəsi baxımından yanaşmaq mümkündür.
Odlar.media