Odlar.media xəbər verir ki, bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qurumları tərəfindən suda ümumilikdə 64 nəfərin cəsədi aşkarlanaraq sudan çıxarılıb.
Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ötən ilin eyni dövründə bu göstərici 85 nəfər olub. Beləliklə, cari ildə suda aşkarlanaraq çıxarılan cəsədlərin sayı təxminən 25 faiz azalıb.
Çimərlik mövsümü üzrə göstəricilərə gəlincə, FHN-in nəzarət etdiyi ərazilərdə mövsüm ərzində ölüm faktı qeydə alınmayıb.
A. Əlili bildirib ki, çimərlik mövsümü ərzində sudan ümumilikdə 59 nəfərin cəsədi çıxarılıb. Ötən ilin analoji dövründə bu rəqəm 68 olub. Bu isə təxminən 13 faizlik azalma deməkdir.
FHN rəsmisi diqqətə çatdırıb ki, 59 ölüm hadisəsinin hamısı suda çimərkən boğulma ilə bağlı deyil. Onun sözlərinə görə, həmin hallardan yalnız 29-u bilavasitə çimərkən suda boğulma faktı olub.
Digər halların isə ilkin araşdırmalar zamanı ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və digər səbəblərlə əlaqəli olduğu müəyyənləşdirilib.
Odlar.media