Odlar.media xəbər verir ki, bu gün XX əsrin dünya musiqi mədəniyyətinin ən görkəmli bəstəkarlarından biri Dmitri Şostakoviçin anadan olmasının 120-ci ildönümüdür.
Dmitri Şostakoviç 1906-cı il sentyabrın 25-də Sankt-Peterburqda anadan olub. 1919-cu ildə Petroqrad Konservatoriyasına daxil olan bəstəkar gənc yaşlarında qələmə aldığı “Birinci simfoniya” əsəri ilə geniş şöhrət qazanıb.
Şostakoviçin zəngin yaradıcılıq irsinə 15 simfoniya, 15 simli kvartet, opera və konsertlər, kamera və vokal əsərləri, həmçinin teatr və kino musiqiləri daxildir. Onun yaradıcılığında Yeddinci, yaxud “Leninqrad” simfoniyası xüsusi yer tutur. Böyük Vətən müharibəsinin musiqi rəmzlərindən birinə çevrilən əsər 1942-ci il avqustun 9-da blokadada olan Leninqradda ifa olunub.
Şostakoviçin yaradıcılıq və pedaqoji fəaliyyətində Azərbaycanla bağlı xüsusi məqamlar da var. Görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyev Moskva Konservatoriyasında onun dərslərində iştirak edərək peşəkar bilik və bacarıqlarını təkmilləşdiriblər. Şostakoviçin bəstəkarlıq məktəbi onların yaradıcılıq inkişafında mühüm rol oynayıb.
Sonrakı dövrdə Qara Qarayev öz bəstəkarlıq məktəbini yaradaraq XX əsr Azərbaycan musiqisinin ən görkəmli nümayəndələrindən birinə çevrilib. Bununla da Şostakoviçin pedaqoji və yaradıcılıq ənənələri Azərbaycan bəstəkarlarının sonrakı nəsillərinin yaradıcılığında da davam etdirilib.
Dmitri Şostakoviç müxtəlif vaxtlarda Bakıda olub, Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndələri ilə yaradıcılıq əlaqələri saxlayıb və milli bəstəkarlıq məktəbinin inkişafına xüsusi maraq göstərib.
Bəstəkarın 120 illik yubileyi ilə əlaqədar Rusiyada bir sıra xatirə və musiqi tədbirləri təşkil olunur. Sentyabrın 25-də Moskva Dövlət Çaykovski Konservatoriyasında Şostakoviçin yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Bu ilin payızında isə Moskva Konservatoriyası və Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyası tərəfindən konsertlər, sərgi və beynəlxalq akademik konfransın da daxil olduğu birgə yubiley layihəsi həyata keçiriləcək.
Dmitri Şostakoviç 1975-ci il avqustun 9-da Moskvada vəfat edib. Onun əsərləri bu gün də dünyanın aparıcı orkestr və ifaçılarının repertuarında mühüm yer tutur.
Odlar.media