Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda dövlət başçısı Sərdar Berdiməhəmmədovu və Türkmənistan xalqını əlamətdar gün münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik edib, xoş arzularını çatdırıb.
İlham Əliyev qeyd edib ki, ötən 35 il ərzində Türkmənistan müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişaf və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm uğurlar əldə edib. Azərbaycan Prezidentinin sözlərinə görə, ölkəmiz qardaş Türkmənistanın bu nailiyyətlərini səmimi-qəlbdən alqışlayır və Türkmənistanın daimi bitərəflik siyasətini dəstəkləyir.
Məktubda Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, xalqlarımızı tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və mehriban qonşuluq münasibətləri birləşdirir.
Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı anlaşmanın ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Dövlət başçısı Türkmənistan Prezidentinin iyun ayında Azərbaycana dövlət səfərinin əhəmiyyətini xüsusi qeyd edib. O, səfər çərçivəsində aparılan danışıqların, imzalanmış sənədlərin və əldə olunan razılaşmaların Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
İlham Əliyev Azərbaycan-Türkmənistan dostluğu və əməkdaşlığının gələcəkdə də dinamik inkişaf edəcəyinə, strateji tərəfdaşlığın xalqların mənafelərinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Təbrik məktubunun sonunda Azərbaycan Prezidenti Sərdar Berdiməhəmmədova möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Türkmənistan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.
Odlar.media