Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib.
Prezident müraciətində bildirib ki, qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, təchizat zəncirlərinin yenidən formalaşdığı bir vaxtda sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün xüsusi əhəmiyyət daşıyır.
İlham Əliyev Cənubi Qafqazda formalaşmaqda olan sülhün regional əməkdaşlıq, ticarət və investisiyalar üçün yeni imkanlar yaratdığını qeyd edib.
Prezidentin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda dayanıqlılıq nümayiş etdirib. İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərdən biri kimi göstərilib və qeyri-neft sektorunun iqtisadi artımda əsas rol oynadığı vurğulanıb.
Müraciətdə qeyd olunub ki, 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla illik 5 faiz təşkil edib. Həmin dövrdə qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb.
Prezident həmçinin Azərbaycanın strateji coğrafi mövqeyinin, nəqliyyat-logistika imkanlarının, sənaye parklarının, Ələt Azad İqtisadi Zonasının və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin investorlar üçün yeni imkanlar yaratdığını bildirib.
Müraciətdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi də xüsusi vurğulanıb. Orta Dəhlizin və formalaşmaqda olan Zəngəzur dəhlizinin ölkənin regional nəqliyyat və ticarət imkanlarını genişləndirə biləcəyi qeyd edilib.
İlham Əliyev Azərbaycanın enerji sahəsində də etibarlı tərəfdaş kimi mövqeyini vurğulayaraq, ənənəvi enerji layihələri ilə yanaşı, yaşıl enerji dəhlizlərinin inkişafının da prioritet istiqamətlərdən olduğunu bildirib.
Prezidentin müraciətində investisiya siyasətinin yalnız kapital cəlb edilməsinə yönəlmədiyi, texnologiya, təcrübə, innovasiya və yeni bazarlara çıxış imkanlarının da mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Müraciətdə I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələrinə də toxunulub. Bildirilib ki, ötən il forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Bunun 7 milyard ABŞ dollarından çox hissəsinin qeyri-neft sektorunun payına düşdüyü bildirilib.
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun da konkret investisiya layihələrinə və uzunmüddətli əməkdaşlığa təkan verəcəyinə ümid etdiyini bildirib.
Odlar.media qeyd edir ki, forum Azərbaycanın investisiya imkanlarının beynəlxalq investorlar və şirkətlərə təqdim edilməsi baxımından keçirilən əsas iqtisadi tədbirlərdən biridir.
Odlar.media