Odlar.media xəbər verir ki, İran-ABŞ və İsrail qarşıdurmasında əsas aktorlardan biri hesab olunan İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin yalnız hərbi deyil, siyasi və iqtisadi həyatında da mühüm təsirə malikdir.
“Milliyet”in dərc etdiyi məqalədə SEPAH-ın İranın dövlət strukturunda geniş təsir imkanlarına malik olduğu və bəzi ekspertlər tərəfindən “dövlət içində dövlət” kimi xarakterizə edildiyi bildirilib.
Məlumata görə, SEPAH 1979-cu ildə Ayətullah Xomeyninin göstərişi ilə yeni rejimi qorumaq və ordunun mümkün çevriliş cəhdlərinə qarşı balans yaratmaq məqsədilə yaradılıb. Birbaşa dini liderə tabe olan qurumun 150 mindən çox hərbçisinin olduğu təxmin edilir.
SEPAH-ın əsas strukturlarına quru, hava və dəniz qüvvələri ilə yanaşı, Bəsic milisi və xaricdə fəaliyyət göstərən Qüds Qüvvələri daxildir. Bəsicin müxtəlif illərdə İranda rejim əleyhinə etirazların yatırılmasında iştirak etdiyi qeyd olunur.
Qüds Qüvvələri isə İranın Yaxın Şərqdəki müttəfiq və tərəfdaşlarına dəstək göstərən əsas strukturlardan biridir. Qurumun “Hizbullah”, HƏMAS, “Həşdi Şabi” və “Husilər”lə əlaqələri, həmçinin Suriya müharibəsi zamanı Bəşər Əsəd hökumətinə dəstəyi barədə məlumatlar mövcuddur. Qüds Qüvvələrinə 1998-2020-ci illərdə Qasım Süleymani rəhbərlik edib.
SEPAH-ın təsir dairəsinin iqtisadi sahəyə də yayıldığı bildirilir. Qurumun neft, tikinti və digər sektorlarda geniş iqtisadi imkanlara malik olduğu qeyd edilir.
Məqalədə hazırda SEPAH-a Əhməd Vahidi, Qüds Qüvvələrinə İsmayıl Qaani, Bəsicə isə Hüseyn Taebin rəhbərlik etdiyi göstərilir.
SEPAH-ın xarici fəaliyyəti də uzun müddətdir beynəlxalq mübahisələrin mövzularından biri olaraq qalır. ABŞ 2019-cu ildə SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Kanada 2024-cü ildə, Avropa İttifaqı isə 2026-cı ilin yanvarında qurumla bağlı analoji qərar qəbul edib.
Odlar.media