Odlar.media xəbər verir ki, Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi və innovativ inkişaf modelinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu siyasətin mühüm istiqamətlərindən biri də ölkənin rəqəmsal transformasiyasının sürətləndirilməsidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirilən fikirlər göstərir ki, rəqəmsallaşma artıq yalnız texnoloji yenilik kimi deyil, ölkənin milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi nəzərdən keçirilir.
Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı Azərbaycanın qarşıdakı illər üçün müəyyən etdiyi strateji prioritetlərin mahiyyətini aydın şəkildə ortaya qoyur.
Onun sözlərinə görə, müasir dünyada ölkələrin rəqabət qabiliyyətini yalnız təbii sərvətlər deyil, eyni zamanda innovasiya potensialı, rəqəmsal həllər və süni intellekt texnologiyalarından səmərəli istifadə imkanları müəyyən edir:
“Azərbaycan da qlobal texnoloji transformasiyanın kənarında qalmaq deyil, onun fəal iştirakçılarından biri olmaq niyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq hazırlanmış üçillik Fəaliyyət Planı və Yol Xəritəsi ölkənin rəqəmsal inkişaf sahəsində sistemli və uzunmüddətli hədəflər müəyyən etdiyini göstərir. Bu isə ayrı-ayrı layihələrdən deyil, vahid dövlət siyasətindən xəbər verir”.
Novruzəli Aslanov qeyd edib ki, rəqəmsallaşmanın yalnız elektron xidmətlərin genişləndirilməsi kimi təqdim olunmaması, prosesin iqtisadi artımın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, innovasiya ekosisteminin inkişafı və yerli startapların dəstəklənməsi ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Belə yanaşma rəqəmsal iqtisadiyyatın ölkənin ümumi inkişaf modelinin ayrılmaz hissəsinə çevrildiyini göstərir. Başqa sözlə, söhbət yalnız texnologiyaların tətbiqindən deyil, onların iqtisadi və sosial inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsindən gedir.
Mehriban xanım Əliyevanın süni intellekt və kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Hazırda dünyada texnoloji üstünlük təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik amili kimi qiymətləndirilir. Süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Buna görə də Azərbaycanın bu sahədə qabaqlayıcı siyasət yürütməsi, informasiya təhlükəsizliyini və kibermühitin etibarlılığını gücləndirməsi gələcəyə hesablanmış strateji yanaşmanın göstəricisidir”.
Deputat çıxışda milli maraqlar prinsipinin ön plana çəkilməsinin də mühüm məqam olduğunu vurğulayıb.
“Beynəlxalq təcrübənin öyrənilməsi vacib hesab edilsə də, qərarların Azərbaycanın milli maraqlarına və ehtiyaclarına uyğun qəbul edilməsinin vurğulanması göstərir ki, ölkə rəqəmsal transformasiyanı xarici modellərin kor-koranə tətbiqi kimi deyil, öz inkişaf prioritetlərinə əsaslanan müstəqil strategiya kimi formalaşdırır.
Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu nümayiş etdirir. Bu mərhələnin əsas məqsədi yalnız texnoloji yenilənmə deyil, çevik, təhlükəsiz, innovativ və rəqabətqabiliyyətli dövlət idarəetmə modelinin qurulmasıdır. Məhz belə sistemli yanaşma Azərbaycanın regionda rəqəmsal inkişaf və süni intellekt sahəsində mövqeyini möhkəmləndirməsi üçün zəmin yaradır”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Odlar.media