Odlar.media xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının əməkhaqqı və pensiya təminatı ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
Ekspertin sözlərinə görə, yeni islahat çərçivəsində hərbi qulluqçuların əməkhaqqı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur.
“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq. Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq”, – deyə Ədalət Verdiyev bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşlarının orta hesabla 25 faiz və daha çox artırılması nəzərdə tutulur. Eyni zamanda, baza maaşı əsasında müəyyən edilən vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi və əməkhaqqında rütbə maaşının payının 70 faizə çatdırılması planlaşdırılır.
Ədalət Verdiyev həmçinin hərbi qulluqçuların pensiya təminatı mexanizminin təkmilləşdiriləcəyini və bu sahənin tam rəqəmsallaşdırılacağını qeyd edib.
Ekspert hesab edir ki, islahatların Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində həyata keçirilməsi hərbi qulluqçular üçün əlavə sosial dəstək olacaq.
“Güclü sosial təminat Müzəffər Ordumuzun haqqıdır ki, var!”, – deyə Ədalət Verdiyev əlavə edib.
Odlar.media xəbər verir ki, səsləndirilən məlumat hazırda hərbi ekspertin açıqlamasına əsaslanır; islahat paketinin yekun detalları və tətbiq tarixləri barədə rəsmi qərar açıqlanacağı təqdirdə əlavə məlumat veriləcək.