XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:34 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

AQTA-dan evdə hazırlanan qidalarla bağlı açıqlama: Sertifikat tələbi yoxdur

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsullarına sertifikat tələbinin tətbiq olunacağı və sertifikatı olmayan şəxslərin cəzalandırılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində 2028-ci ildən etibarən bu sahədə tənzimləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Lakin proqramda ev şəraitində hazırlanan qidalara hər hansı sertifikat tələbinin tətbiqi nəzərdə tutulmayıb.
İ.Kərimov bildirib ki, əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərin məhsullarının bazara çıxış imkanlarının yaradılması planlaşdırılır. Hazırda isə bununla bağlı müvafiq mexanizm mövcud deyil.
AQTA rəsmisi vurğulayıb ki, əsas məqsədlərdən biri istehlakçılara təqdim edilən, xüsusilə ev şəraitində konservləşdirilmiş qida məhsullarının təhlükəsizliyinin təmin edilməsidir. Onun qeyd etdiyinə görə, aparılan təhlillər məişətdə baş verən zəhərlənmələrin 47 faizinin mənşəyi məlum olmayan konserv məhsullarının istehlakı ilə əlaqəli olduğunu göstərir.
Bildirilib ki, Prezidentin 10 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Bu istiqamətdə tədbirlərin icra müddəti 2028–2032-ci illəri əhatə edir.
İ.Kərimovun sözlərinə görə, qarşıdakı dövrdə həmin məhsulların bazara yerləşdirilməsi mexanizmi ilə bağlı təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və müvafiq tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.
Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazara çıxışını təmin etməklə biznes üçün imkanlar yaratmaq, eyni zamanda istehlakçıları mənşəyi məlum olmayan qidalardan zəhərlənmə riskindən qorumaqdır.
AQTA rəsmisi sonda ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat və cərimə tələblərinin tətbiq olunacağı barədə yayılan məlumatları yanlış adlandırıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi yerli KİV-lərdə ev şəraitində hazırlanaraq satışa çıxarılan məhsullara sertifikat tələbinin tətbiq ediləcəyi və sertifikatı olmayan şəxslərin cərimələnəcəyi barədə məlumatlar yayılıb.

Odlar.media

Etiketlər: