Odlar.media xəbər verir ki, Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan sentyabrın 22-dən 25-dək ABŞ-nin Nyu-York şəhərində səfərdə olacaq.
Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mirzoyan BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan XİN rəhbərinin müxtəlif ölkələrin xarici işlər nazirləri və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur. Həmçinin müxtəlif sənədlərin imzalanması və tematik tədbirlərdə çıxışların planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-yə səfər edib. Paşinyanın sessiyanın yüksək səviyyəli hissəsində çıxış edəcəyi, eləcə də BMT-nin baş katibi Antonio Quterreş və digər xarici həmkarları ilə görüşlərinin keçiriləcəyi gözlənilir.
Ermənistan hökumətinin məlumatına əsasən, Paşinyanı ABŞ səfərində Ararat Mirzoyanla yanaşı, səhiyyə naziri Anait Avanesyan və ətraf mühit naziri Hambardzum Matevosyan müşayiət edir.
Nazir müavinləri arasında isə xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisogomonyan və səhiyyə nazirinin müavini Lena Nanuşyan Nyu-Yorka gedib.
Məlumata görə, Ararat Mirzoyanın həyat yoldaşı, “İnvestisiyalara Dəstək Mərkəzi” fondunun baş direktoru da ABŞ-dəki nümayəndə heyətinin tərkibində yer alır. Keçmiş parlament sədrinin müavini Akop Arşakyan da nümayəndə heyətinə daxildir. O, Ermənistan İnnovasiya Fondunun Himayəçilər Şurasının sədridir.
Odlar.media