Odlar.media xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva Bakıda yaşanan nəqliyyat sıxlığından narazılığını ifadə edib.
Aktrisa sosial şəbəkə hesabında yolların vəziyyəti ilə bağlı fikirlərini bölüşərək uzun müddət tıxacda qalmağın insanlarda gərginlik və aqressiya yaratdığını bildirib.
Dilarə Əliyeva paylaşımında qeyd edib ki, qısa məsafəni uzun müddətə qət etmək insanlarda psixoloji gərginliyi artırır:
“Bu ölkənin ən çox nevropatoloqa ehtiyacı var. 15 dəqiqəlik yolu iki saat yarıma gedib çıxa bilmirsən. Beyin xarab olur, aqressiya ilə insan dolur. Müəllim uşağı danlayır, uşağın qanı qaralır, valideynin də qanı qaralır. Hamı bir-birinə nə var deyir”.
Əməkdar artist tıxacların yaratdığı gərginliyin aradan qaldırılması üçün yolların genişləndirilməsinin vacibliyinə də diqqət çəkib:
“Aqressiyanı azaltmaq üçün nevropatoloqa ehtiyac var. Dərman yazmalıdır ki, sakitləşək. Bunun adına yaşamaq demək mümkündürsə, biz indi yaşayırıq. Yayı gözləyək? Camaat dağlara çəkilsin? Bəlkə yollar çəkilsin?”
Dilarə Əliyevanın paylaşımı sosial şəbəkələrdə Bakıda nəqliyyat sıxlığı problemini yenidən gündəmə gətirib.
Odlar.media