Odlar.media xəbər verir ki, “Meta”nın həmtəsisçisi Mark Zukerberq süni intellekt sənayesinin inkişaf tempinin bütövlükdə aşağı salınması əvəzinə, ayrı-ayrı tərtibatçıların hazırladıqları modellərin təhlükəsizliyinə görə məsuliyyət daşımasının tərəfdarı olduğunu bildirib.
Zukerberq bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, hər bir tərtibatçı süni intellekt modellərinin təhlükəsiz şəkildə hazırlanması üçün zəruri tədbirləri müstəqil şəkildə görməli və bunun üçün tələb olunan tempdə işləməlidir.
“Risklərin qiymətləndirilməsi üçün müstəqil ekspertlərin və məsləhətçilərin cəlb edilməsi sənayedə ən yaxşı təcrübələrdən biridir”, – deyə Zukerberq bildirib.
Onun sözlərinə görə, “Meta Superintelligence Labs” (MSL) artıq bir sıra istiqamətlərdə bu yanaşmadan istifadə edir. Zukerberq hesab edir ki, digər süni intellekt tərtibatçıları da analoji addımlar ata bilərlər.
“Meta”nın süni intellekt təhlükəsizliyi ilə bağlı əvvəlki qərarına da toxunan Zukerberq bildirib ki, şirkət təhlükəsizlik məsələlərinə görə “Muse” süni intellekt agentinin istifadəyə verilməsini bir neçə ay təxirə salıb.
Bununla belə, şirkət digər tərtibatçılardan öz süni intellekt agentlərinin təqdimatını gecikdirmələrini tələb etməyib.
“Biz sadəcə bunu etdik və məsələyə gündəlik iş öhdəliklərimizin bir hissəsi kimi yanaşdıq”, – Zukerberq vurğulayıb.
Beləliklə, “Meta” rəhbərinin mövqeyinə görə, süni intellekt sahəsində təhlükəsizlik tədbirlərinin tətbiqi bütün sənayenin inkişafının dayandırılmasından daha çox, hər bir tərtibatçının fərdi məsuliyyəti və müstəqil risk qiymətləndirməsi üzərində qurulmalıdır.
Odlar.media