Odlar.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər rayonunda keçirilən II Bal Festivalında çıxış edib.
Hikmət Hacıyev 1993-cü ildə Kəlbəcərin işğalı zamanı yaşanan faciəli hadisələri uşaqlıq illərindən xatırladığını bildirib.
“1993-cü ilin o qadalı günlərini yaşım az olsa da, çox yaxşı xatırlayıram. Onda 13-14 yaşım var idi. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız vəziyyətdə sığındıqları ilk yerlərdən biri Gəncə şəhəri idi”, – deyə Prezidentin köməkçisi qeyd edib.
O bildirib ki, həmin dövrdə Kəlbəcərdən məcburi köçkün düşən şəxslərin yerləşdirildiyi ilk məntəqələrdən biri Gəncə şəhərindəki Texnologiya Universitetinin yataqxanası olub.
Hacıyev həmin günləri böyük faciə hissi ilə xatırladığını vurğulayıb:
“Yaşımın az olmasına baxmayaraq, həmin insanların ağır məşəqqətlərdən keçərək özlərini Gəncəyə çatdırmaları yaddaşımdadır”.
Prezidentin köməkçisi hazırda Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işlərindən də danışıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətinin nəticəsi olaraq Kəlbəcər yenidən qurulur və inkişaf edir.
“Bu gün isə cənab Prezidentin siyasətinin nəticəsində biz Kəlbəcərdəyik. Kəlbəcər qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da Prezidentin siyasətinin nəticəsində burada daha böyük işlər görüləcək”, – deyə Hacıyev bildirib.
O, Kəlbəcər sakinlərini təbrik edib, müxtəlif ölkələrdən gələn diplomatlara göstərilən qonaqpərvərliyə görə rayon əhalisinə təşəkkürünü çatdırıb.
Hikmət Hacıyev çıxışının sonunda Kəlbəcərə bundan sonra yalnız xoş günlər üçün gələcəklərini deyib:
“Bundan sonra biz yenə də Kəlbəcərə gələcəyik. Amma artıq yalnız xoş günlərə, xeyir işlərə gələcəyik”.
Odlar.media xəbər verir ki, II Bal Festivalı Kəlbəcərdə müxtəlif tədbirlərlə davam edib.