Odlar.media xəbər verir ki, 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilərək artırılması gözlənilir. Lakin gələn il üçün artımın dəqiq faizi hələ müəyyənləşməyib.
İqtisadçı Natiq Cəfərli bildirib ki, mövcud qanunvericiliyə əsasən, gələn ilin əvvəlində pensiya və əməkhaqlarında artım gözlənilir. Onun ehtimalına görə, artım 8-10 faiz civarında ola bilər. İqtisadçı eyni zamanda pensiya sistemində müəyyən dəyişikliklərin aparılmasına ehtiyac olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.
Nazirlikdən bildirilib ki, Azərbaycanda pensiyalar da digər sosial ödənişlər kimi mütəmadi olaraq artırılır. Qurumun məlumatına görə, 2018-ci ildən həyata keçirilən beş sosial islahat paketi çərçivəsində minimum və orta aylıq pensiyalarda üç dəfəyə qədər artım baş verib.
Nazirlik qeyd edib ki, pensiyaların hər ilin əvvəlində indeksləşdirilərək artırılması bu prosesdə mühüm rol oynayır.
Qurumun açıqlamasına əsasən, pensiyaların illik indeksləşdirilməsi əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi əsasında həyata keçirilir. Həmin göstərici Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunur və pensiyaların artımı da bu göstəriciyə uyğun müəyyən edilir.
Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım 1,1 milyon pensiyaçını əhatə edib.
Nazirlikdən bildirilib ki, qarşıdakı illərdə də pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən təqdim ediləcək müvafiq göstərici əsasında həyata keçiriləcək.
Beləliklə, 2027-ci il üzrə pensiya artımının dəqiq faizi hələ açıqlanmayıb. Yekun göstərici 2026-cı il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisi müəyyənləşdikdən sonra bəlli olacaq.
Odlar.media