Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin qarşısını açdığını bildirib.
Zelenski jurnalistlərlə söhbətində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin səfərinin bunun göstəricisi olduğunu deyib.
Ukrayna liderinin sözlərinə görə, ABŞ nümayəndələri ilə görüş zamanı Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raketlərlə təmin olunması məsələsi də müzakirə edilib.
“Onlar bizə nəyin və hansı müddətə lazım olduğunu ətraflı dinlədilər. Mən 20-si ətrafında Prezident Trampla görüşəcəyimi və bu məsələni müzakirə edəcəyimizi gözləyirəm. İnşallah, nəticə olacaq”, – Zelenski bildirib.
Prezident əlavə edib ki, onun fikrincə, tərəflər üçtərəfli danışıqlar formatına doğru irəliləyirlər. Bununla belə, Zelenski prosesin detalları barədə hələlik açıqlama verməyin mümkün olmadığını vurğulayıb.
“Amerika tərəfi ilə razılaşdıq ki, əvvəlcə bütün bunları hazırlayaq, sonra cəmiyyətə məlumat verək”, – deyə o qeyd edib.
Zelenski görüşün əsas xüsusiyyətlərindən birinin ABŞ nümayəndələrinin həm Kiyevə, həm də Moskvaya səfər etməsi olduğunu bildirib. Onun sözlərinə görə, bu, yalnız siyasi dəstək mesajı deyil, həm də Ukraynanın döyüş meydanındakı mövqeyinin və danışıqlardakı imkanlarının gücləndiyini göstərir.
“Amerika tərəfi də bunu deyir. Onların hərbçiləri və analitikləri də bunu etiraf edirlər. Bu faktdır. 2025-ci ilin sonundan etibarən döyüş meydanında güclənirik. Rusiyanın itkiləri çox, nailiyyətləri isə azdır. Ümumi mövqe təxminən belədir”, – Ukrayna Prezidenti vurğulayıb.
Zelenski amerikalı nümayəndələrin Kiyevə səfər zamanı Rusiya tərəfindən Ukraynanın paytaxtına endirilən zərbələrin nəticələrini yerində görməsini də mühüm amil kimi qiymətləndirib.
Görüş zamanı taxıl və enerji məsələlərinin də müzakirə edildiyini deyən Zelenski bu mövzuların həm Ukrayna və Rusiya, həm də beynəlxalq ictimaiyyət üçün həssas əhəmiyyət daşıdığını bildirib.
“Biz burada kompromis tapmağa hazırıq. Amma çox vacibdir ki, hazırda həm Ukraynanın, həm də Rusiyanın müəyyən addımlar atmalı olduğu bir vəziyyətdəyik. Yalnız Ukraynadan kompromis gözləmək olmaz. Kompromis baxımından artıq çox şey edilib”, – deyə Zelenski əlavə edib.
Odlar.media