Odlar.media xəbər verir ki, ABŞ-da hərbi qulluqçuların COVID-19-a qarşı məcburi peyvəndlənməsindən sonra baş verdiyi iddia olunan ölüm halları ilə vaksinlər arasında mümkün əlaqənin araşdırılmasına başlanılıb.
Məlumata görə, ABŞ-ın səhiyyə naziri Robert F. Kennedi Jr. və müdafiə naziri Pit Heqseth bu araşdırma çərçivəsində ordu həkimi Tereza Lonqla əməkdaşlıq edirlər. Araşdırmanın məqsədi hərbi qulluqçular arasında qeydə alınan bəzi ölüm hallarının COVID-19 vaksinləri ilə əlaqəsinin olub-olmadığını müəyyənləşdirməkdir.
Tereza Lonqun bildirdiyinə görə, o, peyvənddən sonra hərbçilərin ölümü ilə bağlı 2,5 mindən çox təsdiqlənməmiş məlumatı araşdırır. Həkim həmçinin vaksinlə əlaqəli ola biləcəyi ehtimal edilən 28 ölüm halından şəxsən xəbərdar olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası 2021-ci ildə hərbi qulluqçular üçün COVID-19 vaksinasiyasını məcburi etmişdi. Tələb 2022-ci ildə Konqres tərəfindən ləğv edilənədək, təxminən 9 min hərbçi peyvənd tələbinə görə ABŞ Silahlı Qüvvələrindən xaric edilmişdi.
Hazırda araşdırılan ölüm hallarının vaksinasiya ilə birbaşa səbəb-nəticə əlaqəsinin olub-olmadığı müəyyən edilməyib. Araşdırmanın nəticələrinin bu iddialara aydınlıq gətirməsi gözlənilir.
Odlar.media
