🌐 Keçmişin izi, gələcəyin sözü
04 Sentyabr 2026, saat 17:14   •   🌡️ Bakı

IRONMAN 70.3 Baku” ilə əlaqədar Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq

Odlar.media xəbər verir ki, sentyabrın 5-də Bakıda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışı ilə əlaqədar paytaxtın bir sıra ərazilərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülər alternativ olaraq Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə biləcəklər.
Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağının ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılması nəzərdə tutulur.
Məhdudiyyətlər yarışdan əvvəlki hazırlıq mərhələsində 4 sentyabr saat 21:00-dan 5 sentyabr saat 04:59-dək, əsas yarış mərhələsində isə 05:00-dan 14:30-dək qüvvədə olacaq.
Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdiriləcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixlərdə marşrutlarını əvvəlcədən planlaşdırmaları, mümkün nəqliyyat sıxlığını nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, sentyabrın 5-də paytaxtda keçiriləcək “Alufar IRONMAN 70.3 Baku” yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılması gözlənilir.

Odlar.media