Odlar.media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində yerləşən ümumilikdə 535 mənzilin satışı həyata keçirilib.
Mənzillərin ipoteka kreditindən istifadə etməklə və ya vətəndaşların öz vəsaiti hesabına əldə olunması üçün satış prosesi 4 sentyabr 2026-cı il saat 11:00-da “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə başlayıb.
MİDA-dan verilən məlumata görə, satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib.
Mənzil seçimi prosesinə MİDA-nın inzibati binasında yaradılan operativ qərargahda nəzarət olunub. Prosesdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, AZCON tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC və media nümayəndələri iştirak ediblər.
Seçim mərhələsi başa çatdıqdan sonra MİDA nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmələri, mənzil seçimi mərhələlərində edilmiş dəyişiklikləri və mənzillərin xüsusi proqram təminatları vasitəsilə daha sürətli seçilməsinin qarşısını almaq məqsədilə tətbiq olunan əlavə təhlükəsizlik tədbirlərini əyani şəkildə nümayiş etdirib.
Bundan başqa, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçiminə də bu gün saat 12:00-da başlanılıb.
Gözləmə qaydasında seçim prosesi saat 16:00-dək davam edəcək.
Odlar.media
