Odlar.media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatın inkişafı, eləcə də sosial media platformaları vasitəsilə gəlir əldə edən şəxslərin – bloger və influenserlərin fəaliyyətinin hüquqi çərçivədə rəsmiləşdirilməsi istiqamətində vergi inzibatçılığını təkmilləşdirib.
Son illər sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar və müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb.
Lakin iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu fəaliyyət sahəsinin ayrıca göstərilməməsi həmin şəxslərin fəaliyyətinin uçota alınması və statistik qiymətləndirilməsində müəyyən çətinliklər yaradıb.
Bu ehtiyac nəzərə alınaraq, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata “Rəqəmsal platforma təsirçisi” (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib.
Yeni fəaliyyət kodunun tətbiqi sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən bloger və influenserlərin fəaliyyətinin daha dəqiq və şəffaf şəkildə rəsmiləşdirilməsinə, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan verəcək.
Dövlət Vergi Xidməti bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edib.
Odlar.media xəbər verir ki, yeni təsnifat rəqəmsal platformalar üzərindən gəlir əldə edən şəxslərin iqtisadi fəaliyyətinin daha şəffaf şəkildə uçota alınmasına xidmət edir.
